Çarli Çaplin və Bethoven

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

16 dekabr

 

 “Üzünə şokolad çəkilmiş hər şeyin günü”

 

Maraqlı təyinatdır, şokoladsevərlər təqvimə şokolad günündən savayı ayrıca belə bir gün də salıblar. Qlazur adlanan şokolad örtüyü həqiqətən qənnadı məmulatlarına təkrarsız dad gətirir. Mən üstünə şokolad çəkilmiş ekleri seçirəm, siz də öz seçiminizi edin.

 

Bizim FHN və Çaplin

 

Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Özlərini oda-alova, uçqunlara, selə-suya ataraq təhlükədə olanları xilas edən bu fədakar insanları təbrik edirik.

 

Mərkəzi və Şimalı amerikalılar Las Posades festivalına başlayacaqlar, xristian ənənələrinin daim yaşadılmasına dəyər verəcəklər. Amerikalılar da dinc duran deyillər, onların bugünkü mətbəx bayramları Milli yaşıl Çili bibəri günü adlanır. Bu gün yeməklər ağızları yandırıb yaxacaq. Amma ayrıca Şokolad gününü də qeyd edəcəklər amerikalılar, bir növ, yanan ağızlara şirinlik gətiriləcək; Hindistanda və Banqladeşdə Qələbə, Tailandda idman günüdür həm də.

 

1913-cü ilin bu günündə gənc britaniyalı aktyor Çarli Çaplin həyatında ilk dəfə filmə şəkilib, “ Yaşamaq uğrunda mübarizə” adlanırdı həmin film. 1899-cu ildə İtaliyada “Milan” klubu yaradılıb, ölkəmizdəki “Milan”sevərlər, haydı, şənlənin. 1872-ci ildə rus generalı, bolşeviklərin qənimi Anton Denikin doğulub.

 

Dahi Bethoven

 

 Və bu yerdə tək musiqisevərlər, incəsənətsevərlər yox, dünyanın hər bir şüurlu sakini 1770-ci ilin bu günündə dünyaya gəlmiş dahi alman bəstəkarı, “Aylı sonata” kimi insan tərəfindən yaranışı belə şübhə doğuran ilahi bir şedevr ortaya qoymuş Lüdviq Van Bethoveni alqışlasın!