KİTAB BƏLƏDÇİSİndə “Min möhtəşəm günəş” Featured

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

“Min möhtəşəm günəş”  əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanıdır.

Müharibə və insan, düşmənlik-dostluq, haqsızlıq-ədalət, nankorluq-fədakarlıq, peşmanlıq, vicdan əzabı, sədaqət və s. - bütün bunlar dünyaca məşhur yazıçı Xalid Hüseyn yaradıcılığının əsas mövzusunu təşkil edir. Onun ikinci böyük əsəri olan "Min möhtəşəm günəş" öz adını XVII əsr Azərbaycan şairi Saib Təbrizinin "Qəndəharnamə" poemasının:

 

Bu şəhərin nə damını işıqlandıran ulduzları saya bilərsən,

Nə də divarlarının arxasında gizlənən min möhtəşəm günəşi..

 

beytindən götürmüşdür. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunmuşdur. Bundan əlavə, Xalid Hüseyn öz əsərində klassik ədəbi nümunələrə də müraciət edir ki bu da cəmiyyətin normal və firavan yaşamasına mane olan uydurma qanunların mürtəceliyini göstərir.

“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır. Oxucu qəlbini riqqətə gətirən ağrısı da var sonda, sevinci də. 

Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.

Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. Məryəmin ölümü mənim mənim fikrimcə, haqsızlıq qurbanı olan qadınların mənəvi ölümüdür. Xalid Hüseyni əsərlərini çox vaxt nikbin sonluqla bitirməyə həvəskardır. Bu əsərini də nikbin sonluqla bitirir. Sonda Leyla istəklərinə çatır. Əslində bu həm müəllifin arzusu idi, həmçinin yenə də mənim düşüncəmə əsasən, Məryəmin fədəkarlığı nəticəsində daha açıqlayacı formada desək, burada Məryəm yox Məryəmlər nəzərdə tutulur. Məryəmlərin acı taleyi Leylaların işıqlı gələcəyinə yol aça bilir. Ona görə hər bir qadın gələcək nəsilin gözəl yaşaması üçün bu gün sonunda nə olacağından asılı olmayaraq mübarizəsindən geri qalmamalıdır. 

Xalid Hüseynidən oxuduğum iki əsərdən biridir bu əsər. Və müharibənin fəsadlarını adı kimi Min möhtəşəm göstərən əsərlərdəndir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)