Moskvada Qara Qarayevin doğum gününə həsr olunmuş konsert təşkil edilib

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Qara Qarayevin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.

 

AzərTAC xəbər verir ki, konsertdə “Legend of fire” triosunun ifasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlovun əsərləri səslənib. Trionun üzvləri - Azərbaycanın Əməkdar artisti Ceyla Seyidova, Zəhra Bədəlbəyli və Arslan Növrəslinin ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılanıb.

Görkəmli Azərbaycan bəstəkarının doğum günü münasibətilə “Azərbaycan” pavilyonunun Moskvanın iki radiosu ilə əməkdaşlığı çərçivəsində “Relax FM” və “Radio Romantika”nın efirində Qara Qarayevin musiqiləri səsləndirilir. Pavilyonun direktoru Səadat Kadırova bildirib ki, adı çəkilən radiolarla əməkdaşlıq böyük əhəmiyyətə malikdir: “Bu radioların geniş auditoriyası var. Düşünürəm ki, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin bu radiolarda milyonlar üçün səslənməsi çox dəyərli və qiymətlidir”.