72-ci San Remo musiqi festivalını Mamud və Blanco dueti qazanıb Featured

Budur, İtaliyada keçirilən 72-ci San Remo musiqi festivalı başa çatıb, Mamud və Blanco dueti qalib olub.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, builki mahnı müsabiqəsinin finalında 25 müğənni yarışıb, ikinci yeri gənc müğənni Elisa, üçüncünü isə məşhur pop ulduz, qocaman müğənni Canni Morandi qazanıb.

Fevralın 1-5-i tarixlərində “Ariston” tarixi teatrının səhnəsində keçirilən festival İtaliyanın 1-ci  “RAI” telekanalı vasitəsilə canlı yayımlanıb. 

Festivalın açılış mərasiminin aparıcısı italiyalı məşhur aktrisa Ornella Muti olub.

Musiqi festivalının dördüncü günü ümumilikdə 11 milyon 378 min tamaşaçı auditoriyası tərəfindən izlənilib. Bu, 1995-ci ildən bəri rekord göstəricidir. Həmçinin sosial mediada rekord - 24 saat ərzində 7,4 milyon paylaşım edilib.

Qeyd edək ki, San Remo İtaliyanın məşhur mahnı müsabiqəsi və mükafatlandırma mərasimidir. San Remo milli səviyyədə dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır.

Qaliblər - Mamud və Blanco dueti bu il İtaliyanı Avrovizion yarışmasında təmsil edəcəklər. 

Qeyd edək ki, ərəb-italyan əsilli Mamud (Alessandro Mahmud) 2019-cu ildə də San Remo festivalında qalib gəlib. O, hazırda İtaliyanın ən populyar müğənnilərindəndir.