Görkəmli azərbaycanlı memarların uğurlu həyat hekayəsi Featured

Rate this item
(1 Vote)

 

XX əsr Azərbaycan memarlıq tarixinin ən parlaq simaları olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun anadan olmalarından 119 il keçir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi doğum tarixləri aprel ayına təsadüf edən hər iki görkəmli incəsənət xadiminin yaradıcılığından bəhs edən geniş məqalə hazırlayıb. 

“Ədəbiyyat və incəsənət” portalı məqaləni olduğu kimi təqdim edir.

 

Azərbaycan memarlıq məktəbinin parlaq siması – Mikayıl Hüseynov

 

“Bu sənəti hələ uşaqkən özüm seçmişəm. Kiçik yaşlarımdan kibrit dənələri, plastilin və ağac qırıntılarından müxtəlif “konstruksiyalı binalar” tikərdim. İndiki kimi yadımdadır, 10 yaşım tamam olanda qohumlarım mənə Leonardo da Vinçi haqqında kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop bağışladılar. Uzun illər o kitab və filmoskopdan ayrıla bilmədim və o hədiyyələr də mənim memarlıq sənətinə sevgimi daha da qüvvətləndirdi”, – dünya şöhrətli azərbaycanlı memar Mikayıl Hüseynov çox-çox sonralar özü haqqında belə danışırdı. Onun zəngin yaradıcılığı memarlar nəsli üçün əsl ilham mənbəyidir.
Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda zadəgan ailəsində anadan olub. Kiçik yaşlarından təsviri sənətə hədsiz maraq göstərən Mikayıl fitri istedadı ilə yaşıdlarından seçilir, gələcəkdə memar olacağını deyirdi.

 

 

1922-ci ildə Bakı real məktəbində ilk təhsilini başa vurduqdan sonra o, Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinə daxil olur. Hüseynov tələbəlik illərindən maddi-mədəniyyət nümunələrinə fərqli baxışı ilə diqqəti çəkir. Belə ki, 1924-cü ildə gənc memar tərəfindən Şirvanşahlar Sarayı Kompleksinin araşdırılması mütəxəssislər arasında sensasiya yaradır. Daha sonra o, dahi Nizami Gəncəvinin abidəsinin layihə müsabiqəsində iştirak edir və mükafata layiq görülür.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir. Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib, müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, Bakıda Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası və onun elmi-tədqiqat institutları, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Azərbaycan Pedaqoji Universiteti kimi elm mərkəzlərini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (Sadıq Dadaşov ilə birgə), Azərbaycan Dövlət Kitabxanası, Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsi, Neft Sənayesi Nazirliyi kimi əhəmiyyətli binaların layihəsini hazırlayıb. Bununla yanaşı, Bakıda bir çox mədəni-məişət ocaqları, habelə Metropolitenin “Elmlər Akademiyası”, “Nəriman Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri də onun adı ilə bağlıdır.

 

 

Hazırda Bakının küçə və meydanlarını bəzəyən bir çox tarixi şəxsiyyətlərin (Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mehdi Hüseynzadə, Həzi Aslanov, Ayna Sultanova) abidələrinin layihələri də Mikayıl Hüseynovun yaradıcı əməyinin bəhrəsidir.

Yaradıcılıq baxımından həqiqətən tükənməz memar sayılan Hüseynovun zəngin irsinə 200-dən artıq layihə daxildir ki, onların da əksəriyyəti çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib.

Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişində özünəməxsus dəst-xətti olan M.Hüseynov Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Qazax şəhərlərində də bir çox yaşayış evləri, ictimai binalar, məşhur elm və mədəniyyət ocaqlarının layihələrini ustalıqla hazırlayıb. O, ölkəmizdən kənarda da istedadını məharətlə nümayiş etdirib. Belə ki, Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən bir çox abidə və mədəni-məişət binalarının layihələri məhz M.Hüseynov təxəyyülünün məhsuludur.

Dövrünün məşhur sənətkarı olan, Şərq və Qərb memarlıq məktəbinin sintezindən ustalıqla yararlanan Mikayıl Hüseynov öz işlərində daha çox milliyə və ənənəçiliyə üstünlük verirdi. Çıxışlarında həmişə “Milli memarlıq ilk növbədə milli formadır, ənənədir”, – deyən Hüseynov milli memarlığa sadiqliyinə görə SSRİ Memarlar İttifaqı tərəfindən qınağa da tuş gəlir. Buna baxmayaraq, gənc azərbaycanlı memar tənqidlərə əhəmiyyət vermədən əsərlərində milli ənənələrə söykənən düşüncələrini geniş əks etdirirdi.

Mikayıl Hüseynovun Azərbaycan memarlığının elm kimi təşəkkülündə və yüksək ixtisaslı kadrların hazırlanmasında da mühüm xidmətləri var. Onun bir alim kimi memarlığa həsr olunmuş onlarca elmi-nəzəri əsəri memarlıq tariximizin öyrənilməsində çox qiymətli mənbədir.

 

 

Qeyd edək ki, Mikayıl Hüseynov uzun illər məsul vəzifələrdə çalışıb, Azərbaycan Memarlar İttifaqına sədrlik edib, Azərbaycan Elmlər Akademiyası Arxitektura və İncəsənət İnstitutunun direktoru işləyib. Görkəmli memar, alim və pedaqoq M.Hüseynov milli memarlığın inkişafında müstəsna xidmətlərinə görə Azərbaycanın, keçmiş SSRİ-nin ən yüksək mükafatlarına, orden və medallarına, SSRİ xalq memarı, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Bununla bərabər Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, SSRİ Ali Sovetinin iki, Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı seçilib.

Ömrünün böyük bir hissəsini memarlıq elminin və inşaat texnikasının inkişafına həsr edən M.Hüseynov 1992-ci il oktyabrın 7-də 87 yaşında Bakıda dünyasını dəyişib.

Xatırladaq ki, görkəmli akademikin (1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü olub) dövlət qarşısında misilsiz xidmətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilərək, 2015-ci ildə 110 illik yubileyi təntənəli surətdə qeyd edilib.

 

41 illik ömrünə bütöv bir sənət erası sığışdıran alim – Sadıq Dadaşov

 

Yazının əvvəlində dünya şöhrətli memar Mikayıl Hüseynovla yanaşı adını çəkdiyimiz Sadıq Dadaşovun irsi də XX əsr Azərbaycan memarlıq tarixində əzəmətli sənət əsərlərinin təşəkkülü ilə yadda qalıb.

Sadıq Ələkbər oğlu Dadaşov 1905-ci il aprelin 15-də Bakıda dünyaya göz açıb. Hələ uşaq yaşlarında rəsm çəkməyə böyük həvəs göstərən Sadıq məktəb illərində rəssamlıq və memarlıqla dərindən maraqlanıb. Onun uşaqlıq və gənclik illəri həmyaşıdı olan yaxın dostu, sonralar görkəmli rəssam kimi tanınan Mikayıl Hüseynovla birgə keçib. Onlar həm Bakı real məktəbində, həm də Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsində eyni ildə təhsil alaraq, yaradıcılıq yollarında uzun illər birgə addımlayıblar. Sinif otaqlarından başlayan bu ayrılmaz dostluq sonralar birlikdə həyata keçirdikləri böyük layihələrə təzahür edib, hətta aralarındakı dərin münasibətlər qohumluq əlaqələrinə çevrilib (M.Hüseynovun bacısı S.Dadaşovla ailə həyatı qurmuşdu).

 

 

Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixini öyrənmək məqsədilə 1934-1940 və 1944-1946-cı illərdə bir sıra rayonlara elmi səfərlərə çıxıb, xeyli sayda sanballı elmi-nə¬zəri əsər yaradıb. S.Dadaşov və dostu M.Hüseynov birlikdə Şirvanşahlar Sarayı Kompleksinin, Naxçıvan şəhərindəki Möminə Xatun və Yusif Küseyir oğlu türbələri, Qarabağlar türbəsi yanındakı minarəli tağı, Bərdə şəhərindəki Nüşabə türbəsi və onlarca digər orta əsr memarlıq abidəsinin ilk tədqiqatçıları olublar.

S.Dadaşov institutu bitirdikdən sonra dörd il ərzində (1929-1933) 23 tikilinin layihəsini verir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayıl), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki ADNA), incəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası aiddir.
1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri layihələndirib ki, bunlara Bilgəhdəki istirahət evi, Şüvəlandakı yaşayış binası, Zaqulbadakı istirahət evi, Şüvəlan və Bilgəhdə bağ evləri, Bakıdakı “Buzovnaneft” yaşayış binası və s. aiddir.

Dadaşovun əsas işləri sırasında Azərbaycan Texniki Universitetinin, Nizami Gəncəvi adına kinoteatrın, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (M.Hüseynovla birgə) binalarını qeyd etmək olar. O həmçinin Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda qoyulan abidələrinin layihə müəllifidir.

 

 

Azərbaycan sovet memarlığının banilərindən sayılan S.Dadaşovun yaradıcılığı respublikadan çox-çox uzaqlarda da tanınıb və şöhrət qazanıb. Onun sənət nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olub. Bu layihə də S.Dadaşovun öz həmkarı M.Hüseynovla birgə ərsəyə gətirdiyi əsrarəngiz memarlıq nümunəsidir ki, keçmiş SSRİ məkanında memarlar tərəfindən yüksək maraqla qarşılanıb və hər iki memar bu uğurlu işə görə SSRİ Dövlət mükafatına layiq görülüb.

Azərbaycan dövləti S.Dadaşovun fəaliyyətini və ölkə qarşısındakı elmi-yaradıcı əməyini yüksək qiymətləndirib. 1940-cı ildə ona “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı verilib, bir il sonra isə SSRİ Dövlət mükafatı laureatı adını alıb. 1941-ci ildə, həmçinin SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə isə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. İstedadlı memar “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib. Azərbaycanın böyük incəsənət xadimi S.Dadaşov 24 dekabr 1946-cı ildə 41 yaşında Moskvada dünyasını dəyişsə də, doğma şəhəri Bakıda dəfn olunub.

 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hər iki dahi memarın xatirəsini əziz tutaraq onu da xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Bakı şəhərində Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması qərara alınıb və hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülür.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)