Ənənəvi olmayan sağalmaq təlimi köməyə yetə bilər Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

Xəstəlik və onunla mübarizədən söhbət düşmüşkən, mütləq bu günlərdə dünyanın bir çox ölkəsində milyon tirajlarla çap olunan bir bestseller barədə də söz açmaq istəyirəm, rusiyalı müəllif Valeriy Sinelnikovun «Öz xəstəliyini sev» kitabı barədə. Tibb institutunun tələbəsi olarkən yazmağa başladığı və uzun illər üzərində çalışdığı bu kitabla Sinelnikov həm ayrı-ayrı xəstəliklərin yaranma səbəblərinə fərqli baxış ortaya qoyub, həm ağrını kəsməyin vasitələrini qeyd edib, həm də dərmansız, tibbi müdaxiləsiz sağalmanın yollarını göstərib. İlk baxışda oxucunu təəccübləndirəcək, hədsiz dərəcədə qeyri-ənənəvi olan Sinelnikov təliminə haradasa sağlamlığa elmi və metafizik baxışın sintezi kimi də baxmaq olar.

Tibbdə Qomeopatiya adlanan alternativ tibb növü var. Həddən artıq güclü preparatların sağlam adamlarda yaratdığı simptomlarla pasientin xəstəlik simptomlarının bənzərliyinə əsaslanan bu tibb növü ilə bir təbib kimi çoxsaylı xəstə müalicə edən Sinelnikov özü də bilmədən tədricən yeni tibb növünün müəllifinə çevrilməyə müvəffəq olub.

«Qomeopatiya məni fərdi tibb növü kimi cəlb etdi. Onun əsas prinsipi xəstəliyi boğmaq yox, orqanizmin dinamik müvazinətinin bərpasıdır. Qomeopatiyanın həm xəstəliyə, həm də xəstəyə öz individual, unikal yanaşma tərzi var. Burada bütün dərmanlar təbii xammaldandır (otlardan, minerallardan, zəhərlərdən, həşəratlardan, heyvan ifrazatlarından)» yazan Sinelnikov Qomeopatiya üsulu ilə işləyərkən rəsmi tibb elminin müalicə edə bilmədiyi xəstəlikləri belə müalicə etməyə başlayıb, amma bəzən müalicə, hər halda, effektiv olmayıb. Belə olduqda o, pasientlərinin davranışına göz qoymağa başlayıb və qəribə bir hal aşkarlayıb. Deməzsənmiş, bəzən xəstəliklər xəstələrçün müəyyən bir funksiya daşıyırmış. Bəzilərində açıq, bəzilərində qapalı.

Sinelnikov psixologiyanı, psixoterapiyanı oxuyur, hipnozu mənimsəyir, insanın şüuraltısını öyrənməyə başlayır. Neyrolinqvistik proqramlaşma barədə R.Bendlerin və D.Qrinderin elmi işləri ilə tanış olur, zen-buddizm, sufilik, yoqa, daosizm barədə çoxlu kitablarla tanış olur.

Və aydınlaşdırır ki, hər bir insan özü özü üçün xəstəlik yaradır. Qidalanma, infeksiyalar, hava şəraiti yalnız xəstəliyin inkişafı üçün fon ola bilər. İnsanın daxilində – qəlbində hər hansı xəstəliyi yaradıb inkişaf etdirən bir nəsnə mövcuddur.

Sinelnikov «İnsan şüurunun və şüuraltı proqramlaşdırmanın Bibliya modeli»ni yaradıb. Onun fikrincə, yaratdığı bu model qədimdən, lap elə «Bibliya» dövründən mövcuddur, modelin mahiyyəti isə budur: Lap uşaqlaqdan bizim beynimiz və şüuraltımız ətraf mühitin görüntüsünə yönəli proqramlaşdırılıb. Biz məhz bu proqramla yaşayaraq özümüzə bol ağrı və problem yaradırıq. Biz bunu dəyişmək istəyirik, amma necə, bilmirik.

Sinelnikovun gətirdiyi qaydalara nəzər yetirək:

1). Kainatda böyük gücü, enerjisi olan, şüurdan kənar reallıq mövcuddur;

2). insan şüuru Kainatın və Metofizik dərketmənin yalnız bir hissəsidir;

3).  Dünya dərkedilməyən və sirlidir, insan dünyaya və özünə tapmaca kimi baxmalıdır;

4). Bizim şüuraltımız bizim şüurumuz mövcud olan dünya modeli yaradır. Başqa sözlə, bizim şüurumuz şüuraltımızın bizə təqdim etdiyi hadisələrin müşahidəçisi və qiymətverənidir;

5). Bizim yaşadığımız reallıq modeli bizim şüuraltı proqramımıza müvafiqdir ki, bu da uşaqlıqdan formalaşır. Beləliklə, xaric daxilimizin inikasıdır;

6). Hər bir insan bu dünyada yaşamaqdan ibarət olan həyatının əsas məqsədini və funksiyasını şüuraltı həyata keçirir;

7). Bizim dünyamız bizim şəxsi fikirlərimizin xarici əksi kimi mövcuddur. Biz həyatda nəyə malikiksə, onları özümüz yaradırıq;

8). Sağlamlıq vəziyyətimizi, işimizi, insanlarla münasibətimizi, maddi vəziyyətimizi və s. dəyişmək üçün mütləq öz daxilimizə müraciət etməli, öz şüuraltı davranış proqramımızı, fikirlərimizi dəyişməliyik, kəsəsi, özümüz dəyişməliyik.

Sinelnikova görə xəstəlik – insan müvazinatının pozulması siqnalıdır. Ağrı – bir əsəbi reaksiyadır, sanki bizə «sənin mütləq diqqət yetirməyin vacib olan bir şeylər var», - deyə söyləyir. Əgər insan buna diqqət yetirmirsə və ağrıları həblərlə susdurursa, onda insanın şüuraltısı ağrını daha da kəskinləşdirir, həyəcan təbili çalır ki, «vacib olan bir şeylərə mütləq diqqət yetirilsin».

Müəllif xəbərdarlıq edir, mütləq şəkildə xəstəliyə münasibəti dəyişməyin lüzumunu bildirir. Deyir, heç bir vəclə, lap ölümcül olsa belə xəstəliyə pis bir şey kimi baxmayın. Unutmayın ki, onu daim sizin qeydinizə qalan şüuraltı əqliniz yaradıb. Demək, buna onun əsasları olub. Öz orqanizm və xəstəliyinizi söyməyin, onunla mübarizə aparmayın. Əksinə, Tanrınıza, öz şüuraltınıza bu vasitəlikçün minnətdarlıq bildirin. Bu, çox qəribə səslənsə də, hətta öz xəstəliyinizə də minnətdarlıq bildirin.

«Müasir ortodoksal təbabət insanları ona görə müalicə edə bilmir ki, xəstəliklərlə mübarizə aparır. Yəni o, xəstəliyi susdurmaq, nəticələrini yox etmək məqsədi güdür. Səbəblər isə çox dərində, şüuraltında qalır və öz dağıdıcı fəaliyyətini davam etdirir. Belə bir mənzərə yaranır: Şüuraltı xəstəliyi bizim şüurlu əqlimizin siqnalı kimi yaradır, bizə öz dilində müəyyən informasiyanı xəbərləyir, bizsə həkimə gedib bu siqnalı həblərlə boğuruq. Belə çıxır, biz özümüz özümüzlə mübarizə aparır və bu mübarizə üçün daha güclü, bahalı preparatlar sərf edirik? Absurddur, deyilmi?», - yazır Sinelnikov. Və iddia edir ki, yaxşı həkimin məqsədi orqanizmə mane olmamaq, «daxilimizin həkiminə» kömək etmək olmalıdır. Ağıllı, dərrakəli həkim mütləq özünümüalicəni aktivləşdirəcək. Axı orqanizm özü tarazlığa can atır, ona sadəcə kömək olmaq lazımdır.

Sinelnikovun bu təlimi üçün sözə qüvvət kimi islam mənbələrindən iqtibas olan aşağıdakı rəvayətə diqqət yetirməyinizi istərdim:

«Allah insanları yığıb Kainatın qanunlarını pozduqları üçün onları cəzalandırmağa başlayır. Ən ağır cəza həkimə təyin olunur. Həkim qeyzlənir:

 - Mən həkiməm, insanlara kömək edir, onları iztirabdan qurtarıram. Niyə ən ağır cəzanı mənə verirsən?

Allah cavab verir:

 - Çünki mən insanlara günahlar törətdikləri üçün xəstəlik göndərirəm ki, onları haqq yoluna gətirim, amma sən öz müalicənlə onların bunu dərk etmələrinə mane olursan».

Demək, Sinelnikovun təliminin həm elmi, həm də metafizik qaynaqlarda əsasları var imiş. Və bura, hansısa məşhurun söylədiyi bu aforizmi də əlavə etsək («Təbiət sağaldır, həkimlərsə bu xidməti öz adlarına çıxırlar»), onda anlamış olarıq ki, tibb yalnız ağrıları götürür, əzabları yox edir, xəstəliyi bir müddətlik susdurur. Yeri gəlmişkən, ekstrasenslərin də missiyası elə bundan ibarətdir.

Sinelnikov hökm verir, deyir, mən sadəcə sübut etməyə çalışıram ki, tibbin yüz illər öncə yaratdığı müalicə metodları tam olaraq köhnəliblər, onları dəyişdirmək vacibdir.

«Öz xəstəliyini sev» kitabında Sinelnikovun müalicə metodundan gətirilən bir nümunəni də diqqətinizə çatdırmaq istəyirəm:

Demək, onun qəbuluna bir ortayaşlı kişi gəlir. Ağciyər soyuqlamasının şiddətlənməsi diaqnozu ilə. Artıq orqanizm antibiotik qəbul edə bilmir. Vəziyyət ümidsizdir. Ondan həyatının son dönəmini öyrənirlər. Məlum olur ki, xəstəliyin şiddətlənməsindən bir qədər əvvəl kişinin işdə rəhbərliklə ciddi konflikti olub. Nəticədə onun qəlbində rəisə qarşı bərk inciklik yaranıb, sonra da bu inciklik bütün kollektivə, bütün dünyaya qarşı olub.

Həkim ona deyir:

 - İnciklik bir insana, onun bütün nəslinə sənin şüuraltı gizli ölüm arzundur. Bu məhvedici proqram sonradan onun müəllifinə, yəni sənə xəstəlik kimi qayıdıb.

Və başa salır ki, xəstəlik – insanın fikir və emosiyalarının fiziki səviyyədə xarici əksi, nəticəsidir. Fikir – xüsusi enerji, kodlaşdırılmış informasiyadır. Və ona müvafiq olaraq fiziki planda insan orqanizmində nəsə dəyişiklik olmalıdır. Əgər fikir dağıdıcıdırsa, məsələn, inciklik, ittiham, nifrət həddindədirsə, onda fiziki planda ona müvafiq xəstəlik də peyda olur.

Kişinin: «Bəs indi mən nə edim?», - sualının qarşılığında «Bu proqramı neytrallaşdırmağın yeganə yolu rəisi bağışlamaq, hətta ona minnətdarlıq bildirməkdir», - cavabı verilir. Həkim onun təəccübünə rəğmən bildirir ki, sənin incikliyinin mənbəyi rəisində deyil, sənin özündədir (Kişi vəzifəsinin yüksəldilməsini, əməkhaqqının artırılmasını istəyirmiş, halbuki özü də etiraf edir ki, buna, əslində haqqı çatmırmış).

Kişi vəziyyətinin ümidsiz olduğunu görüb dərhal həkimlə razılaşır. Elə ki həmin andan etibarən o, əvvəlki həyatına tövbə edir, növbəti günlərdə üzrxahlıq və minnətdarlıqla öz neqativ şüuraltı proqramını neytrallaşdırır, özünə, işinə, rəhbərliyə münasibətini tam dəyişir, təbii ki, pəhrizin, müalicəvi otların da köməyi ilə xəstəlik də tədricən yox olur.

Kainatın qanunları səmavi kitablarda yer alıb, hər bir kəsdən, sadəcə, bunları anlamaq tələb olunur. Əvvəllər insanlar daha çox dinə inanır, müqəddəs kitabların tövsiyələrinə əməl etməyə çalışırdılar. Əfsus ki, hazırkı «sivilizasiya» dünyasında əsas güc maddiyyata verilir, dini inkişafa elə də diqqət yetirilmir.

Hazırda insanın energetik imkanları xeyli artıb, halbuki onun sevgini, xeyir işləri, ilahi bilgiləri qavramaq səviyyəsi əvvəlki təki qalıb. Bu da bəşəriyyəti qəza təhlükəsi ilə üzbəüz qoymaqdadır. Vanqalar və Vanqa kimi digər öncəgörənlər də məhz buna görə həyəcan təbili çalmaqdadırlar.

Demək, əziz oxucularım, əgər siz xəstələnmisinizsə, bu o deməkdir ki, sizin şüuraltı əqliniz sizə şüuraltınızda kainat qanunları ilə konfliktə girən hansısa bir davranış, fikirlər barədə məlumat ötürür. Birincisi, müalicə üçün ilk öncə müəyyənləşdirməlisiniz ki, bu hansı davranış, hansı fikirlərdir. İkincisi, özünüz kainat qanunlarını dərk etməli, həqiqəti tanıyıb ona tapınmalısınız.

Və sonda onu da deyim ki, mən şəxsən həmişə xəstələnəndə ənənəvi tibb üsullarını qeyri-ənənəvi üsullarla əvəzləyərək sağalıram. Və buna şüurumdakı qorxu, inamsızlıq, ümidsizlikdən ibarət neqativ fikir tüğyanını büsbütün inam, iradə güc və dözüm kimi pozitivliklərə dəyişməklə nail ola bilirəm.

 

 “Ədəbiyyat və incəsənət”

(07.07.2023)