Sevginin də uğur formulu varmış Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Bu dəfə “ Sevgidə uğur formulu” barədə danışacağıq.

 

Həyatda uğur qazanmaq anlamının bir tərkib hissəsi də sevgidə uğur qazanmaqdan ibarətdir, belə ki, müstəqil atdığı addımları yenicə möhkəmlənən, həyatın keşməkeşlərinə yenicə daxil olan gənc ilk sevgisinin uğursuzluq acısı ilə bütün qarşıda duran həyatının dadından, şirinliyindən məhrum olur, özünü həyat mübarizəsindən məğlub sanaraq cəmiyyətin «bədbəxtlər ordusu»nun əsgərinə çevirir.

İnsan həyatında ən vacib iki mərhələnin uğurlu ailə və uğurlu karyera qurmaq olmasını da gəlin unutmayaq. Uğurlu sevgi – bizim bu söhbətimizdə uğurlu ailənin təməlqoyucusu ampluasında olacaq.

Sevgi nədir? Bu psixoloji, yoxsa fizioloji haldır? Bu günümüzə qədər bəhs etdiyimiz mövzu barədə o qədər tədqiqatlara rast gəlmək olar ki.

Şübhəsiz, hər birimiz sevirik, sevilirik. Bu hisslərdən məhrum olan insana əsla rast gəlinməz. Sevən, amma sevginin ədalətinə inanmayanlar da, hələ sevməyən, amma sevgiyə inananlar da, həm sevən, həm də bu müqəddəs hissə etiqad edənlər də sonucda bir mətləbə gəlirlər: əgər Yer üzərində Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta, Tristan və İzolda dastanları yaranmışsa, deməli, bizim onu qəbul edib etməməyimizdən, ona təslim olub olmayacağımızdan asılı olmayaraq sevgi ta qədimdən yaranıb bugünümüzədək davam edən ölməz bir prosesdir, şübhəsiz, kainatda həyat durduqca da o duracaq.

Düzdür, illər, əsrlər sevgiyə məzmun cəhətdən müxtəlif korrektələr etmişlər və indi də edirlər. Amma yalnız korrektələr. Məğz isə olduğu kimi qalmaqdadır.

Fizioloqlar qeyd edirlər ki, orqanizmimizdə testosteron qrupunun harmonları yığılanda biz sevməyə başlayırıq. Beynimiz bizə sevməyə icazə verirsə sevgi ehtiyacı duyuruq.

Psixologiyada sevgi – fədakar, ürəkdən gələn bağlılıq hissidir, kiməsə, nəyəsə alüdə olmaq, meyl etməkdir.

Sevgi – dünya ədəbiyyatının, şübhəsiz, baş mövzusudur. Amma onun elmi mahiyyətini bilmək də çox vacibdir. Gənclər instinktlə sevirlər, düşünürəm ki, sevginin mahiyyətini, elmi izahını da bilsələr, bundan yalnız fayda tapa bilərlər.

«Uğursuz sevgi» anlayışı çox geniş yayılıb, uğur barədə kitab yazırıqsa, deməli, bu kitabda sevgi mövzusuna da geniş yer ayırmalı, ondan hərtərəfli bəhs etməliyik.

Kitabımızda ayrıca intihar mövzusuna artıq rast gəldiniz, qısaca olaraq qeyd etmək istəyirəm ki, əsas intihar səbəblərindən biri də uğursuz sevgidir. Nə qədər gənc cavabsız sevgiyə görə, nə qədəri isə sevgiləri qarşılıqlı olsa belə, qovuşma səadətlərinə, əngəllərinə görə intihar ediblər!

Ayrıca, nə qədər gənclərimiz var ki, uğursuz sevgi ucbatından sonrakı həyatlarını matəmə bürüyüblər, fizioloji intihar etməsələr belə mənəvi intihar ediblər, həyatın toy-bayramına, sevinclərinə, bir növ, oruc tutublar!

Şəxsən neçə insan tanıyıram ki, yaşadığı uğursuz sevgidən psixoloji sarsıntı keçirərək ömürlük əsəb xəstəliyi qazanıb. Neçəsini də tanıyıram ki, ailə qurmayıb, bütün həyatını təklikdə keçirməklə uğursuz sevgisinə yas tutub.

Düşünürəm ki, sevgi hissinin nə olduğunu dərindən öyrənmək hər bir kəsçün lazımlı, hətta mən deyərdim, vacibdir.

Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.

Məsələn, bizim tələbəlik illərimizdən fanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün  hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:

Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.

Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.

Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.

Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.

«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?

London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.

    Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq  

    londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin  

    patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində  

    dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.

Qeyd etdim, sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.

Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.

Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur. Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.

İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.

Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.

İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.

Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.

Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.

Bu yaxınlarda mənim ölkəmdə çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.

Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:

Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.

İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.

Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.

Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?

Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.

Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.

Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir?

Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Kitabımızın bu bölümü də məhz ona xidmət edir. İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.

Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. Beləliklə, X.Fişerin tipləri bunlardır:

1.     Testosteron həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.

Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;

2.     Dofaminin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.

Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.

3.     Serotoninin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.

Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.

Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?   

Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar 

qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə

diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura

bilərlər.

Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:

4.     Estrogenin həcmi yüksək olanlar.

Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.

Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.

***

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

 - Qızı istəyən var.

 - Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

O ki qaldı qarşılıqlı sevgiyə, bu zaman sevənlərin ən əsas vəzifəsi sevgini qoruyub saxlamaqdır, öncəki abzasların birində qeyd elədiyimiz dəyərsizləşdirmə mərhələsinə yol verməməkdir. Sevginin ömrünün uzunluğunu rusiyalı psixoloq V.Kirilenko bu formula ilə izah edir: Sevgi uzunmüddətliyi bərabərdir: uyğunlaşmanın ideal səviyyəsi – qarşılıqlı maraqların olması – bir-birinə iradın olmaması.

B.Kirilenkoya görə uzunmüddətli sevgi reseptində ən vacib olanı əks tərəfi təmin edə bilməkdir. Bu təminetməyə həm maddi, həm mənəvi, həm fiziki parametrləri aid eləyə bilərik.

Uğurlu sevgiyə nail olmağın başqa bir şərti də sevgiyə kifayət qədər diqqət ayırmağı bacarmaqdır. Obrazlı şəkildə desək, bəzən insan özü öz əlləri ilə sevgisini boğub öldürür. Əgər siz sevginizə vaxt ayırmırsınızsa, qüvvə sərf etmirsinizsə, onu dəyərləndirmir, qiymətləndirmirsinizsə, onun gəlişinə görə şükranlıq eləmirsinizsə, sizi sevənin bunu kifayət qədər məsuliyyətlə və qaydasınca həyata keçirməsinə rəğmən az sevildiyinizi zənn edirsinizsə, bu halda sevgi sizdən üz döndərib gedəcək, bu reallıqdır.

Uğurlu sevginin daha bir şərtinə sevgidə dözümlülüyü misal gətirə bilərik. Mütəxəssislərin hesablamalarına görə, təqribən bir ildən sonra sevgi ehtirası azı iki dəfə azalır. Kişi-qadın münasibətləri üzrə ixtisaslaşmış və son illər bir çox ölkələrdə kifayət qədər populyar olan fransız yazıçısı Frederik Beqbeder məşhur «Məhəbbət üç il yaşayır» kitabı ilə, hətta sevgi hissinin dəqiq ömrünü də hesablamağa müvəffəq olub: üç il (əlbəttə, fransız yazıçı bu rəqəmi götürərkən bir çox təlimlərdən, mütəxəssis qənaətlərindən istifadə edib).

Sevgiyə cavab verən hormonların tükənmək fazası realdır, bunun qarşısını almaq, demək olar ki, mümkünsüzdür.

Əziz oxucularım, alimlərin fikrincə, kişi-qadın münasibətlərinin ardıcıl və dayanıqlı olmasında ən vacib məqam sevgi hormonları deaktivləşəndə sevgi hisslərini dostluq, qarşılıqlı hörmət hisslərinə çevirə bilmək bacarığıdır. Yeri gəlmişkən, bu hisslər daha dərin, daha uzunmüddətli olur. Siz ağsaqqal və ağbirçək bir cütlüyün bir-birinə can deyib can eşidərək bütün həyatları boyu xoşbəxt yaşamaları faktına yəni heç rast gəlməmisiniz? Şəxsən mənə yüzlərlə belə faktlar məlumdur.

Sevin, sevilin, əziz oxucularım. Dünyada sevgidən gözəl bir hissmi var? Ancaq sevərkən, çalışın, başınızı itirməyəsiniz. Sadaladıqlarıma diqqət etsəniz, bu mövzuda olan müxtəlif ədəbiyyatı oxusanız, şübhəsiz, sevgidə uğur qazana biləcəksiniz. Sevgi bir elmdir, onu öyrənmədən imtahan vermək barədə düşünməyin. Sevgi bir yüksəklikdir, gücünüzə əmin olmadan ora çıxmağa çalışmayın. Sevgi bir xoşbəxtlik əlifbasıdır. Bütün hərflərini öyrənib mənimsəyin ki, onu dərk edib oxuya biləsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)