Amma kürdlər qaldılar…

Milli məsələ daim gündəmdə duran  məsələdir. Xüsusən türk xalqları üçün kürd mövzusu aktual olaraq qalır. “Ədəbiyyat və incəsənət” portalı Şəhla Cabbarlının “Kürdlər niyə söz sahibidirlər?” yazısını təqdim edir.

 

 

Orta əsrlərdə indiki Cənubi Azərbaycanın, İranın qərbində, Anadoluda,  Suriyada əşirət - tayfa sistemi güclənmişdi. Bu yaşam tərzi Oğuz boyları ilə bölgəyə gəldi və Səlcuqlardan sonra tam oturuşdu. 

Belə ki, tayfa, el, ailələr olaraq gələnlər boş torpaqları yurd etdilər, elə orada toplu halda yaşadılar, çoxaldılar. Yaşamaq üçün boş torpaqlar əkilib-becərilməli idi. Heyvandarlıq isə türklərin bir nömrəli işi idi.

 Əraziləri tutduqca, böyüdükcə, qorumaq da lazım idi. Həmin əşirətlərin gənclərinin, kişilərinin bir qismi gündüzlər işləyir, bir qismi isə gecələr əraziləri mühafizə edirdilər. Zamanla öz silahları, öz tayfa içi məhkəmələri və s.formalaşdı. 

Bu tayfa və əşirətlərə nəslin ən böyüyü, "Pir"- deyilən ağsaqqal  başçılıq edirdi. Bir müddət sonra bu türkmən əşirətlər ciddi söz sahibləri oldular. Aralarında qanlı müharibələrdən, qız alıb-verməyə kimi mehribanlıqlara kimi baş verirdi.  

14-cü əsrdən artıq sufi şeyxləri bəyliklər halında İndiki İrandan Anadoluya köç etdilər. Onların içərisində türkmənlərlə yanaşı kürdlər də vardı. Kürdlər bu yaşam tərzini türkmənlərlə birlikdə yaşamağa başladılar. Türkmənlər İrandan Anadolunun düzən və dağlıq ərazilərinə köçüb, yurd edərkən, kürdlər ucqar dağlıq hissələrinə köç etdilər və çoxaldılar.

Səfəvilər dövründə Anadoludakı sufi-ələvi türkmən və kürd əşirətləri, bəylikləri özlərini babalarından gələn vəfa eşqinə Şah l İsmayıla bağlı elan etmişdilər. Şahqulu, Nur Əli Xəlifə üsyanları var ki, həmin əşirətlərin əli ilə çıxarılmışdı. 

Səfəvi dövləti öz ərazisində bu əşirətləri yendi. Bircə ocaq saxladı ki, bu da mərkəz olan Ərdəbil sufi ocağı idi, amma Osmanlıdakı , Suriyadakı əşirət ocaqları dəstəklədi, Ərdəbilə bağlı saxladı.

Osmanlı dövləti həmişə Anadolu əşirətləri ilə hesablaşırdı. Onlar orduya silahlı dəstələr verə bilirdilər, onların böyük tarlaları, heyvandarlıqları vardı ki, dövlətdə qida çatmayanda, bunu əşirətlər qarşılayırdılar. Müqabilində toxunulmazlıq və bir sıra imtiyazlar alırdılar. 

Hər birinin öz daxili idarə sistemi vardı, sadəcə dövlət olaraq Osmanlıya bağlı idilər.

20-ci əsrdə türk- türkmən əşirətləri rusların Anadoluya girişi ilə dağlıldılar. Ucqarlarda yaşayan, dağlıq yerlərdə qalan, rusların gedişi mümkün olmayan ərazilərdəki kürd əşirətləri isə bir-birlərinə sığındılar, dağlara çəkildilər. Türkmənlərin qalan hissələri isə indiki Suriyaya, Türkmən dağındakı, Hələb ətrafı  kəndlərdəki əşirətlərə sığındılar. 

İndi kürd əşirətləri yenə də güclüdürlər. Bayramlarda, seyranlarda birlikdədirlər. Orada kasıb ailə olmur.

Bir-birindən qız alıb-verirlər. Silahlı birləşmələri olmasa da, söz sahibi olaraq qalırlar. Bu gün seçkidə birlik olmaları da bu keçmişdən qaynaqlanır. İndi bir əşirət başçısı desə ki, səsinizi Ərdoğana verin, yaxud Kılıçdaroğluna verin, ikinci cümlə ola bilməz.

Türkmən əşirətləri isə dağılmış haldadırlar. Son vətəndaş müharibəsində  Suriyadan  Türkiyəyə köç edən sonra ümumiyyətlə bu birliklər itdi, getdi. 

Çox zaman insanlarımız deyirlər ki, Anadoludakı türklərlə kürdlər necə biz azərbaycanlılar kimi danışırlar. Bəli, onlar İrandan Anadoluya gedərkən oğuz türkcəsini öyrəndilər.Türkmənlərlə birlikdə yaşadılar, dilimizi, şivələrimizi mənimsədilər. Ona görə də,  danışıqlarımız çox oxşardır. 

Toyları dəhşət olur. Ən çox pul yığımı, ən ağır qızıl adətləri kürdlərdədir. 

Son toylarında bəy üçün 3.7 milyon tl pul yığılıb, gəlinə isə ümumilikdə 15 kilo qızıl hədiyə edilib. Kaş, türkmənlər də bu adətləri yaşatsaydılar... :

Bəs, bəzi kürd ailələrini PKK terror təşkilatına necə alət etdilər? Onlara ruslar, amerikalılar nələr təklif etdilər? 

Bu və sadə kürdlərin niyə onlarla birlik olmaların, türklərlə min ilə yaxın  mehriban, qardaşca yaşamağın ayrılışının təməl bilgiləri haqqında isə növbəti yazıların birində...

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)