Pravoslavların Pasxa bayramında yenə də hədsiz soyuq oldu Featured

Bizim xalqın bir deyimi var: mart çıxdı, dərd çıxdı. Bu, baharın gəlişinə səbirsizlənən babalarımızın fikridir. Amma son illər bu deyimin variasiyası da yaranıb. Pasxa çıxdı, dərd çıxdı. Həqiqətən də bu xristian bayramı  bərk soyuq olur, sonrakı günlər isə artıq bahar təravəti duyulur. Dünən növbəti Pasxa günündə temperaturun birdən birə 14 dərəcə aşağı düşməsi də elə buna bariz sübutdur. Hər halda məhz həmin gün havanın illərlə kəskin soyumasını müşahidə eləmək sirli, heyrətamizdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanda yaşayan pravoslavlar ötən gün əsas xristian bayramlarından olan Pasxanı qeyd etdilər. Pasxa - xristianların ən qədim, mühüm və sevimli bayramlarından biri özündə dini məna kəsb edir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı hesab edilir, bu il pravoslav təqvimi ilə qeyd etdiyimiz kimi dünən - aprelin 16-da qeyd edildi. 

Pasxanın bizim Novruzla oxşar cəhətləri çoxdur. Bizim şəkərburanı onların piroqu əvəz edir, biz də, onlar da yumurta boyayırıq, şam yandırırıq. 

Ənənəyə görə, xristian dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.

Şənbə və bazar günlərində ölkəmizin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirildi. Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlandı. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asdılar, şamlar düzdülər.

Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianları icmasına təbrik ünvanlamışdı. Dövlət başçısı qeyd etmişdi ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə müraciətdə bildirilirdi.

Elə bu müraciət bizim pravoslavları bayrama daha həvəsli, daha sevincli olmalarını özündə ehtiva edirdi. 

 

Foto Sabir Məmmədovundur

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)