Fateh Teymur Azərbaycanda Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

 

Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!

 

Şimali Azərbaycan, Şirvanşahlar dövləti  

 

1399-1404-cü illərdə Əmir Teymurun 7 illik yürüşü məhz Qərbi İran, Azərbaycan, Kiçik Asiya və Suriyanı əhatə etdi.  Yenə Rui Qonsales de Klavixonun gündəliyinə nəzər salaq:  “Qarabağda qış mülayım keçdiyindən Fateh Teymur adətən bütün qış aylarını yaz gələnə qədər qoşun-ləşkəri ilə burada keçirərdi. Tarixdən məlum olduğu kimi, gözəlliklər yaratmaqdan zövq alan Fateh Teymur, Qarabağı o qədər sevmişdi ki, burada iyirmi mindən artıq ev də tikdirmişdi. Bu evlərdə yaşayan hərbi qoşun paytaxt Səmərqəndə qayıdanda, evlər  yerli əhaliyə verilirdi. Əlbəttə onların içərisində Əmir Teymurun qoşunuun tərkibində  gəlib, sonradan bu yerlərdən qayıtmayan elatlar da olurdu. 

Tez-tez Qarabağda qışlasa da , dövlətinin siyasi durumunu qorumaq, daim nəzarətdə saxlamaq üçün Şimali Azərbaycana və Dərbəndin padşahlığını  Şirvanşah Şeyx İbrahimxəlilə vermişdi. Əmir Teymurun gücünə və əzəmətinə bələd olan Şirvanşah Şeyx İbrahimxəlil dövrüünün müdrik və uzaqgörən xaqanı idi. Fateh Teymura baş əyməyən şahlardan fərqli olaraq (çünki bir qayda olaraq Əmir Teymurun qabağına qoşunu ilə çıxan, şəhərin darvazalarıının açarını ona verməyən, və ya müqavimət göstərən padşahlar döyüşlərdə məğlub olurdular ) onunla ittifaq yaratmağa üstünlük verir. 

Əmir Teymurun  saray salnaməçisi,  öz dövrünün tarixçi alimi Şərafəddin Əl Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibgiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur  bu məqamı nəzərdən qaçırmadı  və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir". 

Şeyxin verdiyi cavabdan məmnun qalan  Teymuru əlini Seyxin çiyninə qoydu. 

“Əmir Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdi. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Əmir Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyi ilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə tikinti başlanıldı. Onun yürüşdən  xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".

Şabrana çatan Əmir Teymur sonra Şamaxıdan keçib Kür çayının sahilində dayandı. Şeyx İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb, böyük ziyafət düzənlədi.  Ziyafət zamanı Əmir Teymur Şeyx İbrahimə bahalı paltar, öz belindən açdığı qiymətli kəmərini  və qılınc bağışladı. Onun Şirvana və ona tabe olan torpaqlara sahiblik hüququnu təsdiq edən fərman imzaladı.  Əmir Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı tapşırdı. O vaxt Dərbənd Şirvanşahın torpaqlarına daxil idi. Əmir Teymur buradan qoşunları ilə Kürü keçib, Ağdam adlı yerdə dayandı. Əmir Teymur,  torpaqları Qızıl Orda ərazisi ilə həmsərhəd olan Şeyx İbrahimin şəxsində müttəfiqini görməkdə maraqlı idi. Buna görə də Əmir Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu tabeliyində olan digər feodallardan   fərqləndirirdi. Əmir Teymurun etimad və dostluğunu qazanmış İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi.( Sara Aşurbəyli. “Şirvanşahlar dövləti”.).”.

Bu yeni ittifaqla Şirvanşah İbrahimxəlil həm də Toxtamış xanın Şirvana etdiyi hücumdan sığortalanmış oldu. Həqiqətən də,Toxtamış xanın növbəti hücumu zamanı, Teymur özünün qələbə əzmli ordusu ilə Şirvanşahın köməyinə çataraq, onu Toxtamış xanın caynağından qurtara bildi. Teymurun Şirvanda olduğunu bilən Toxtamış xanın ordusu isə qaçaraq geri çəkildi. 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)