Şəhidlər barədə şeirlər - Zeynalı Dursunov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir. 

 

Şəhid Zeynalı Dursunov

Zeynalı Əlləz oğlu Dursunov – 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir. Zeynalı 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinifinə qəbul olunub, 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub.

 

Zeynalı 04 iyul 2017-ci ildən 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda çalışıb.

 

Azərbaycan Ordusunun əsgəri olan Zeynalı Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Azərbaycanın işğalda olan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zeynalı Dursunov oktyabrın 14-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

İgid varsa, vətən var.

Vətən sizdən güc alır.

Bayraq şəhid qanıyla,

Zirvələrə ucalır.

 

Ucalır o müqəddəs,

Bayrağımız Şuşada.

O bayraq şəhidləri,

Vətən boyu yaşadar.

 

Yaşadar şəhidlərin,

Hər vətəndaş qəlbində,

Vətənin gül qəlbində,

Vətənin daş qəlbində.

 

Daş üstə yazı kimi,

Şəhidlər iz qoydular.

Vətənə can verdilər,

Torpağa üz qoydular.

 

Qoydular otuz illik,

Həsrəti darmadağın,

Kəsdilər yurdumuzdan,

Namərd düşmən ayağın.

 

İgid varsa, vətən var.

Vətən varsa, biz varıq.

Nə qədər ki biz varıq,

Sizləri unutmarıq.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)