Sevgi insanı kor edir, sevgisizlik lal Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qədim miflərdə deyilir ki, tanrı bir ruhu iki bədənə üfürüb insanları ayırıbmış və günün birində ruhlar əlbət qovuşubmuş. Beləcə insan ömrü dünyaya göz açandan bəri hicrandan vüsala doğru yol alarmış. Hər kəs bir-birindən xəbərsiz digər yarısının izini sürərkən qucaqlaşmadan cismi tərk edən ruhlar var.

 

Mən də yəqin onlardan biriyəm.

Ya da yox, mənim ruhum digər yarısından küsüb və barışmaq istəmir.

İnsan eşqə küsərmi məgər?

Küsərmiş.

Bir dəfə bütün varlığını hiss edərək aşiq olan kəs yarım buraxılarkən küsür.

Sevdiyimi barmaq uclarıma kimi hiss etdiyim anda ruzigarın üzümə çırpdığı həqiqət küləyi qəlbimi paramparça etmişdi.

Unut deyirlər, xatırlama artıq, sevmə daha.

Unutmaq? Sevməmək? Xatırlamamaq?

Məsafələrə rəğmən dualarda sevdiyini qucaqlayanlara haram yazıb tanrı unutmağı.

Unutmaq olmur ki.

Yaralarım sağalmır ki.

Ağrıkəsicinin ağrını azaltması misalı zaman və insanlar bir dönəmlik keçici sağalma təsiri bağışlasa da, yastığın bir tərəfi hər zaman islanmış qalır, gündüzlərin donuq təbəssümü yerini gecənin acılarına buraxır.

Sevgi insanı kor edir amma sevgisizlik lal.

Sevən kəs görmür önündəki əngəlləri, dünya onun ətrafında dönürmüşcəsinə qəlbinin qanadlanmasını görməzdən gəlir.

Ta ki, qanadlar qırılıb düşənə kimi.

Sağalda bilmədiyi yaraları gizlədən insan isə bir zamanlar ucalan gülüşlərini sükuta əmanət edir.

 

Yaralananlar yarım qalır.

Yaralı və yarımam yenə.

Qoy sətirlərim də, yarım qalsın, ruhum da.

 

Yaralarına yaralarınız kimi sahib çıxdığınız insanların uğruna axıtdığını göz yaşlarınızı qurudub gülüşlərinizə sığının.

Sahib çıxın yaralarınıza.

Sevin yarım qalan tərəflərinizi sətirlər yarım qalsa da olar.

Xoş yarım sevgi də, olmur ki..

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)