Xoşbəxtlik hormonu və acgöz yoxsullar Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

  

Televiziya kanallarının birində həkimin söylədiyi bir cümlə məni həm düşündürdü, həm də güldürdü. Əminəm ki, Sizə də bu cümləni pıçıldasam, gərgin olsanız belə, dodaqlarınızın köməyi ilə yanaqlarınızı qulaqlarınızın dibinə göndərəcəksiniz. 

 

Nə olar ki, belə görüntü daha xoş təəssürat yaradır. Həkim söyləyirdi ki, xoşbəxtlik hormonunun çox olması insanı öldürə bilər.

Bir anlıq düşündüm ki, onsuz da nə olur- olsun öləcəyik, ölürüksə, elə tam xoşbəxtlik ürəyimizi partlatsın. Ölüm mələyinə zatən günah getmir ki, o nə etsin?!

Aparmaq missiyasıdır.  Amma "xoşbəxtlik hormonu" - serotonin çoxumuzda aşağı səviyyədədir, əksinə bizim onu qaldırmağa ehtiyacımız var.

Serotoninin yalnız 10%-i beyin tərəfindən ifraz edildiyi halda, orqanizmdə qalan serotoninin böyük hissəsi bağırsaqlarda ifraz olunur. Bağırsaqdakı xoşbəxtlik hormonu beyinə çata bilmədiyi üçün beyin öz serotonin ehtiyacını qarşılamalıdır.

Beynimi, bağırsağımı günahlandıraq?!  Şablon kimi söyləyirik ki, xoşbəxt anlar olur, insan heç vaxt tam xoşbəxt ola bilməz. İnsanlarla söhbət zamanı anlayırıq ki, artıq xoşbəxt anlar samanlıqda itən iynə kimi axtarılır.

Səbəb? Maddiyyat və mənəvi keyfiyyətlərin çatışmazlığı...?

İnsanlar yaşamaq üçün qidalanmalıdır, razıyam. Amma hər canlı qidalanır. Suda balıq, meşədə aslan, torpaqda bitki və digərləri. Mənəviyyat aclarını isə heç nə qidalandırmır, təəssüf edirəm..

Mənəviyyatı kasıb olanlar dünyanın ən rəzil, ən yoxsul canlılarıdır. 

Hə, bayaqkı " xoşbəxtlik hormon"larımızı da o acgözlər yeyir və doymadan yeyirlər.. "Beyin, bağırsaq" əl-ələ versə də, heç nə bacarmır. 

 

Bu "acgöz yoxsullar"dan qurtulmağı bacarmalıyıq ki, "xoşbəxtlik hormon"larımız normasına düşsün. 

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.

Uca Yaradan bizi belələrindən qorusun, iradəmiz isə bizi tərk etməsin, çünki iradəmizlə bu acgözləri özümüzdən uzaqlaşdıra bilərik.

 

Viktor Hüqo söyləyib ki: "Əriməyən buz olmadığı kimi, ömürlük xoşbəxtlik də yoxdur."

Az olsa da, xoşbəxtliyi dadmaq üçün 

"ömrümüzü yeyən, acgöz" mənəviyyatı yoxsul dilənçilərdən kənar gəzək.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)