Boşanma vəkilinə ehtiyacınız varmı? -AKTUAL Featured

Rate this item
(0 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən 28 mall-da getmişdim, yemək yeməyə və yanımda gənc xanımla körpəsi oturmuşdular, sifariş verdiklərini yeyirdilər. Birdən orta yaşlı bir kişi yaxınlaşdı, oturdu ora, oturan kimi süfrəyə baxıb başladı xanıma qışqırmağa:

-Bu nədir sifariş vermisən, tupoysan sən? Bir yemək sifariş verə bilmirsən, al gözünə sox bunları mən yeməyəcəyəm, -deyib padnosu qıza tərəf itələdi, getdi özünə sifariş verməyə. Xanımın baxışlarından nə dərəcə pərt olduğunu, utandığını anlaya bilirdim. Ancaq bir səs çıxarmamasına çaşbaş qalmışdım. Nəysə, bu "şəxsiyyət" öz sifarişlərini götürüb gəldi. Bu dəfə də, uşağın mızıldanmağına əsəbləşib "Ə sən də lal ol, indi şapalağı qoyacam ağzının ortasına"dedi. Xanım yenə susdu. 

Ürəyim partlayırdı, söz deməmək üçün özümü güclə sıxmışdım. Ancaq orada mən söz deyə bilmirdim. Çünki, danışmalı olan susurdu. Baxıram, gözəl göyçək qadındır, səssiz-səmirsiz oturub. Hələ bir günahkarmış kimi də, başını aşağı salır. Vəziyyət belə olanda durub söz desəm, orda borclu çıxa bilərdim. 

Ancaq mən öz gələcək yoldaşıma heç kimin  mənimlə bu tonda danışa bilməyəcəyini çox açıq şəkildə ifadə edə biləcək dərəcə özümü ifadə edə bilərdim. Hələ mənim balaca övladım varsa mən hər şeydən əvvəl anayam və övladına haqsızlığa susmamağı, sırf kişidi deyə etdiklərinə göz yummağın təbii hal olmadığını, cinsiyyət fərqi olmadan insanlarla münasibətin qorxu və təhqir üzərinə yox, qarşılıqlı hörmət üzərində qurulduğunu öyrətməli, öz ədalətimlə  haqqımı necə müdafiə etdiyimi göstərib müstəqil fərd kimi yaşamağı öyrətməliyəm.

Lakin cəmiyyətdə bu və bundan qat-qat ağır situasiyalarda insanlar ya susur, ya da susdurulmaq üçün şiddət görür, hətta öldürülürlər.

Yazdığımı oxuyanlar deyəcək ki, feminizim düşüncəsindəsən, lakin qadın haqqları deyə bir anlayış yoxdur. Deyərdilər, sırf qadındır deyə onun bu dərəcə tərəfini tutursan, bəlkə də kişiyə qarşı təhqir və ya tənqid görsən görməzdən gələrdin. Xeyr, mən dəfələrlə öz yazılarımda qeyd etmişəm ki, sonu -ist şəkilçisi ilə bitən heç bir cəmiyyət dalğalarının tərəfdarı deyiləm və qanun məcəlləsinə əsasən istənilən ümumi ictimai iaşə obyektində bir şəxsin mənsubiyyət və şəxsiyyətinə qarşı olan alçaldıcı davranışların özünün də qanun qarşısında müəyyən hüquqi cəzalarının olduğunu yaxşı bilirəm. Kaş masadan qalxanda əlimdə məsləhət bildiyim bir boşanma vəkilinin kart viziti olardı, çünki o xanım və o xanım kimi bir çox xanım bir gün gözlərindəki pərdəni endirib özü özünü cəzalandırmağı buraxacaq və boşanma vəkilinə ehtiyac duyacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)