Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Qəribədi , mən səni niyə bu donda, bu saçda, bu baxışda xatırlayıram? Heç yaşlı , əldən düşmüş vaxtın yadıma gəlmir. Niyə? Nə çox gənc qalmısan xatirimdə, nə çox yaşlı. Beləcə hopmusan yaddaşıma.
Yayda kəlağayı örtərdin çox vaxt. Yel vurub yellədərdi kələğayını. Uçurardı başından. Çiynindən üzüaşağı tökülərdi saçların . Təzədən toplayıb yığardın kələğayının altına. Sonra külək kələğayını yenə uçurardı. Bir də, bir də...
Bir də saçaqlı şalın vardı. Allı-güllü. Qışda da onu örtərdin. Hərdən saçaqlarını hörərdim. Hirslənərdin. Mənsə gülərdim.
Uşaqlıqda, lap uşaqlıqda nənəmi səndən çox sevərdim. Özün də bilirdin. Sən işləyirdin deyə bütün mehrimi nənəmə salmışdım. Uzun ətəkli, çullu, çuxalı nənəmə. Nənəm ürəyimdən keçənləri oxuyurdu, nazımı çəkirdi, sevirdi, oxşayırdı deyə günüm onunla keçirdi. Bəlkə bir az da sən günahkar idin tənhalığımı nənəmlə ovutduğumçun. Hələ o vaxtlar uşaq ağlımla fikirləşirdim ki, mən uşaqlarımı atıb işə getməyəcəm. Çünki təkliyin dadını əməllicə çıxarmışdım. Anasızlığı o ki, var dadmışdım. Amma bir az böyüdükdən sonra səni nənəmdən çox istəməyə başladım. Nənəmə olan sevgim dəyişmədi ha. Amma sənə olan məhəbbətim böyüdü. Suyum oldun, havam, çörəyim oldun.
Sən işdən dönənəcən bir gözüm qapıda, bir gözüm pəncərədə qalırdı. Həmişə yorğun olurdun. Sığalın, tumarın, nəvazişin olmasa da mən səni çox sevirdim. Xoşuna gəlməsə də doyunca qucaqlayıb öpürdüm səni. Fəxr edirdim sənlə. Elminlə, savadınla, gözəlliyinlə, vüqarınla, əzəmətinlə öyünürdüm. Anam idin axı. Gecələr kirimişcə qucağına girdiyim vaxtlar da az olmurdu. Əsas da yuxumu qarışdıranda. Dərsdən gələn kimi "Riyaziyyat 5", "Ana dili 5", "İngilis dili 5"-deyə -deyə pilləkənləri çıxırdım. Bilirdim ki, sevinirsən. Mənə elə gəlir ki, elə o beşləri də səninçün alırdım. Elmin səninçün nə qədər dəyərli olduğunu gözəl bilirdim. Səni sevindirməkçün dəridən, qabıqdan çıxırdım. Nə qədər büruzə verməsən də ürəyini oxuyurdum. Gözlərindən oxuyurdum ürəyini.
Yeganə xoşbəxtliyin mən idim. Onu da bilirdim. Mənə verdiyin qəpikləri üst-üstə qoyub sənə nəsə alanda bilirsən necə xoşbəxt olurdum? Quruyub qaxaca dönmüş ayaqqabıların gözümə batırdı. Özünə təzə nəsə alanda çiynimdən dağ götürülürdü. Ürəyimdən keçənləri sənə demirdim. Ürəyinə salarsan deyə. İkimiz var idik sadəcə. Sən və mən. Sonra universitet illəri. Yenə sən. Sonra ailə həyatım. Sən, sən, yenə sən. Sən ürəyimdə ən uca zirvədəydin. Bəlkə də bundan heç sənin də xəbərin yox idi. Bəlkə də var idi. Həyatım dörd təkərin üstə keçirdi beləcə. Bir yerdə bərqərar olub qala bilmirdim sənə görə. Kəndlə şəhər arasında doğuldu uşaqlar, böyüdü uşaqlar. Amma mən səni sevməkdən yorulmadım. Səni itirməkdən qorxa-qorxa səni 87-yə gətirib çıxardıq Tanrıyla. Bəlkə də ömrün uzun oldu. Amma mən səndən doymadım. Hər şey gözəl olacaq deyə-deyə bir gün çıxıb getdin. Heç nə də gözəl olmadı. Xatirimdəsə elə mən yaşda qaldın. Gözlərində həsrət, ayaqlarında yol , əllərində bir ovuc dua. Bir də… Bir də lampa işığında qaranlığa düşən kölgən yadımda qaldı. Elə bunu da ay işığına yazıram:
Ömrümü bölə bilmədim.
Nəfəsin ola bilmədim,
Yerinə ölə bilmədim,
Məni bağışla, ana.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)