“İrəvan mətbəxindən nümunələr” layihəsində Ala qızılbalıqla tərəvəz müsəmməsi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ala qızılbalıqla tərəvəz müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR 

§ Balıq – 183 qr

§ Kərə yağı – 35 qr

§ Qırmızı soğan – 35 qr

§ Pomidor – 50 qr

§ Badımcan – 80 qr

§ Bolqar bibəri – 50 qr

§ Müxəşşər – 25 qr

§ Acı bibər – 5 qr

§ Limon – 10 qr

§ Cəfəri – 10 qr

§ Mərzə (quru) – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Balıq filesi 60 qramlıq tikələrə doğranır. Duz, istiot vurulur və hər iki tərəfi qızardılır. Bir başqa qaba yığılır, həmin tavaya yağ əlavə edilir, aypara şəklin- də doğranmış soğan qızardılır. Yarı qızardıqda samanvarı şəkildə doğranmış bolqar bibəri və acı bibər əlavə edilir, bir yerdə qızardılır. Qızarana yaxın ayrı- ca bişirilmiş müxəşşər, qabığı təmizlənmiş, 4 hissəyə bölünmüş pomidor, duz, istiot, mərzə qurusu, sarıkök əlavə edilir, bir yerdə qızardılır. Bunlarla paralel ayrıca zolaq şəklində soyulmuş, orta ölçüdə uzununa yarı bölünmüş, duzlanıb, acı suyu çıxarılmış badımcan qızardılır. Qızardılmış balıq və badımcanlar bir tavaya yığılır, üzərinə narın doğranmış cəfəri səpilir, limon sıxılır. Tavanın ağzı qapaqla örtülür, 10 dəqiqə vam odda saxlanır, ocaqdan götürülür. 5 dəqiqə saxlanır. Sonra boşqaba çəkilir və süfrəyə verilir. Balıqdan bişirilən bu müsəmmələrin yanında süfrəyə müxtəlif meyvə turşuları (məti, rubları) verilə bilər.

 

QEYD: Müsəmmələrin bişirilməsi üçün meyvə turşularından (mət, rub) istifadə etmək olar. Balıq müsəmməsinin hazırlanması üçün təzə turş meyvə, tərəvəzlərdən, göy paxlalardan, göyərti və s. istifadə edilməlidir.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)