“İrəvan mətbəxindən nümunələr” layihəsində Ala qızılbalıq narmüsəmmə

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ala qızılbalıq narmüsəmmənin hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR

§ Balıq – 183 qr

§ Qırmızı soğan – 50 qr

§ Nar – 80 qr

§ Şabalıd – 50 qr

§ Müxəşşər – 25 qr

§ Kök – 25 qr

§ Cəfəri – 10 qr

§ Mərzə (quru) – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

File şəklində olan balıq 60 qramlıq tikələrə doğranır, duz, istiot vurulur. Tava odun üzərinə qoyulur, yağ əlavə olunur. Yağ qızdıqda balıqların hər iki tərəfi qızardılır. Tikələr başqa qaba yığılır. Həmin tavada aypara şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın təmizlənmiş şabalıd, bişmiş müxəşşər (noxud ləpəsi), sürtkəcdən keçirilmiş kök, mərzə qurusu, sarıkök, duz, istiot əlavə olunur, bir yerdə qızardılır. Sonra balıq tikələri qızardılmış tərəvəzlərin üzərinə düzülür. Daha sonra nar şirəsi əlavə olunur və 10 dəqiqə vam odda bişirilir. Tam bişənə yaxın nar dənəsi, xırda doğranmış göyərti əlavə olunur, bir az bişirilir, sonra ocaqdan götürülür, 5 dəqiqə yer dəmi alır. Sonra buluda və yaxud pay şəklində nimçəyə çəkilir, süfrəyə verilir.

QEYD: Bu xörəyin də hazırlanma müddəti 20-25 dəqiqə təşkil edir. Alabalıq zərif balıq olduğu üçün bişirərkən ustalıqla yanaşmaq lazımdır.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)