Azərbaycan kinosunun Moskvada ilk retrospektivi “Sonuncu” sənədli filminin nümayişi ilə açılıb

 

Xəbər verdiyimiz kimi, Moskvanın “İllüziya” kinoteatrında Azərbaycan kinosunun retrospektivi başlayıb. 

İlk olaraq Fariz Əhmədovun rejissoru olduğu “Sonuncu” (Sonuncu, 2021) sənədli filmini nümayiş edilib. 

 

TASS agentliyi xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova filmlərlə bağlı məlumat verib.

O, deyib: “Təqdim edilən filmlər müasir Rusiyada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektividir. Tamaşaçılar 1935-ci ildən bu günə qədər böyük bir dövrə baxa biləcək. Proqramda yaşlı nəslin, qızıl dövrün, eləcə də gənc Azərbaycan kinosunun ustadlarının maraqlı əsərləri təqdim olunur”.

Proqrama Hüseyn Mehdiyevin “Özgə vaxt” (1996), Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” (1997) qara komediyası, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” (1969) ictimai-psixoloji dramı, “Qətldən yeddi gün sonra” detektivi (1991), Rüfət Həsənovun "Daxildəki ada" komediyası (2020) ekran əsərləri daxil edilib. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunacaq.

Retrospektivin açılışında Xəzər dənizindəki Kür dili adasının sonuncu sakini Vitali Pronindən bəhs edən “Sonuncu” sənədli filmi nümayiş etdirilib. Layihənin premyerası 2021-ci ildə Rotterdam Film Festivalında keçirilib.

Qeyd edək ki, retrospektiv “İllüziya” fevralın 15-dək davam edəcək.