Sumqayıtda kukla teatrı olduğunu bilirdiniz?

 Sumqayıtda kukla teatrı fəaliyyətə başlayıb. Sumqayıt Gənclər Evində yerləşən teatrın təsisçisi Ayişə Səfərli  “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında bunları deyib:

"Teatr uşaqların dünya görüşünün inkişafına, teatr estetikasının dərk edilməsinə xidmət edir, onlarda teatra sevgi aşılayır. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özlərinə nümunə seçir.

Mən də Sumqayıtda müasir standartlara cavab verən kukla teatrının olmadığını nəzərə alaraq " Günəşim " kukla teatrını yaratmaq qərarına gəldim. "Günəşim" kukla teatrı 16 aprel 2019-cu ildən güclü komandanın əməyi nəticəsində fəaliyyətə başlamış və həmin gündən " Balaca dahilərin" sevimli teatrına çevrilmişdir. Teatrın repertuarında "Tıq- Tıq xanım", "Qırmızı papaq", "Qoğal", "Cırtdan" və digər məşhur nağıllarımız var.

2020-ci ilin mart ayında pandemiya başlayanda bütün teatrlar, o cümlədən "Günəşim" kukla teatrı tamaşa zallarının qapılarını bağlamalı oldu. Buna baxmayaraq tamaşalar onlayn təqdim olunmuş və yenidən fəaliyyətini bərpa etmişdir.

Teatrımız təkcə Sumqayıtda deyil Xızı rayonunda da səyyar tamaşalarla uşaqları sevindirir. Düşünürəm ki, uşaqların asudə vaxtının səmərəli təşkili hər birimizin mənəvi borcu, sosial məsuliyyətidir və bu yolda ilk yardımçımız analar və müəllimlər olacaq. Maraqlı və məsuliyyətli işdə hər birimizə uğurlar arzu edirəm!"

Teatrla maraqlananlar bu telefon nömrəsi ilə əlaqə yarada bilərlər - 077 767 12 72, İnstagram səhifəsi - gunesimkuklateatrı