“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq. Mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur.

Mükafat ilk dəfə 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub.

“Cinema Radio” kino-radio kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin "Gənclik Mall"da yerləşən kinoteatrında keçiriləcək.

Təqdimetmə mərasimi Mədəniyyət Nazirliyi və "CinemaPlus"un dəstəyi ilə keçiriləcək. Mərasimdə, həmçinin, Azərbaycan filmlərindən “saundtreklər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.