Kinosevərlərə töhfə: “Xaç atası” filmi 50 illiyində təkrar prokata çıxarılır Featured

Bu yaxınlarda XXL dərgisi siyasi elitadakıların ən sevdikləri filmlərin adlarını açıqlayanda orada ön sırada böyük fərqlə bir film dayanmışdı: Frensis Ford Koppolanın “Xaç atası” filmi.

 

1972-ci ildə çəkilən bu ölməz filmin  bərpa olunmuş versiyası fevralın 24-də ekran əsərinin 50 illik yubileyi münasibətilə təkrar prokata çıxarılacaq. Bu, düşünürük ki, kinosevərlər üçün ən gözəl töhfə olacaq. 

“Ədəbiyyat və incəsənət” portalı  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın film distributor şirkəti “Central Partnership” məlumat yayıb.

Mario Puzonun eyniadlı romanı əsasında ekranlaşdırılan film Nyu–Yorkdakı Siciliya mafiya ailəsi bosu Don Korleonenin həyat hekayəsindən bəhs edir. 

Trilogiyanın ilk filmi 1972-ci il martın 24-də ekranlara çıxıb. 

Yəqin gözəl xatırlayırsınız, filmdə rolları Marlon Brando, Al Paçino, Daiyan Kiton və başqaları ifa ediblər.

Filmin bərpası üzərində işlər düz üç il davam edib. Neqativlərdə olan ləkələrin, zədələnmələrin və digər anomaliyaların aradan qaldırılmasına 4 min saatdan çox vaxt sərf edilib, mütəxəssislər min saatdan çox rəng korreksiyası ilə məşğul olublar. Bütün işlər rejissorun şəxsi nəzarəti altında həyata keçirilib. Nəticədə, film sanki yeni çəkilmiş kimi keyfiyyət əldə edib.

Film Amerikada və Avropada eyni zamanda ekranlarda görünəcək. Onun Bakıda da nümayiş etdiriləcəyi ümidi ilə!