“Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin 1-ci mərhələsinin müddəti uzadılıb

 

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır.

 

Lakin, müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib. 

Bu barədə nazirlik məlumat yayıb. 

Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentlə http://mct.gov.az/az/bfdestek2022 linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür.

Nəticələr isə mart ayının sonunda www.culture.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.