İTV-də “Xosrov və Şirin” bədii teleserialının yayımına başlanıldı

12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının dünəndən  etibarən “İctimai TV”nin efirində yayımına başlanılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan serial Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ekranlaşdırılan serialda süjeti saxlanılmaqla hadisələr müasir dövrə uyğunlaşdırılıb.
Çəkilişləri Mərdəkan, Şüvəlan, Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılıb.
Serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, prodüseri Fariz Əhmədov, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadə, təsvir rejissoru Elman Əliyev, rəssamı Vüsal Rəhimdir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.