Bakı Bələdiyyə Teatrı “Sonsuz Tanrı məhəbbəti” tamaşasını təqdim edib

Bakı Bələdiyyə Teatrı “Sonsuz Tanrı məhəbbəti” tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim edib.
Teatrdan AzərTAC-a bildirilib ki, Prezidentin müvafiq Sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə silsilə tədbirlər planı çərçivəsində Bakı Bələdiyyə Teatrı da Nizami Gəncəvi yaradıcılığına müraciət edib.
Görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov yaradıcılığı dövründə ilk dəfə 1980-ci illərdə Nizami Gəncəvi əsərlərinə müraciət etmiş, ikinci dəfə isə Bakı Bələdiyyə Teatrının kollektivi ilə “Xəmsə” əsasında “Sonsuz Tanrı məhəbbəti” tamaşasını hazırlamışdır.
Tamaşanın təqdimat mərasimində Nizamişünas Təhminə Bədəlova və Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin çıxışından sonra söz səhnəyə-aktyorlara verilib. Bir neçə saat ərzində tamaşaçı salonu Nizami dühasının işığına sığınıb.
Tamaşasının quruluşçu rejissoru və səhnələşdirəni, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Əsgərov, musiqi hissə müdiri Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir.
Tamaşada rolları Əməkdar artistlər Səmayə Sadıqova, Əhməd Salahov, Şaxzadə Babayeva, Rafiq İbrahimov, Hüsniyyə Mürvətova, aktyorlar Tural Əhməd, Tural Baxış, Zülfiyyə Məmmədova, İsmayıl Atakişiyev, Məmmədağa Əlicanzadə və başqaları canlandırıblar.