Sidqi Ruhulla Səməd Vurğunun “Vaqif” pyesini necə zənginləşdirdi Featured

 

Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ  HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə Sidqi Ruhullanın (1886-1959) xatirələrini təqdim edəcəyik. Milli tetarımızın tarixində əvəzsiz rol oynayıb bu böyük sənətkar. Ruhu şad olsun! 

 

***

 

Hələ uşaqlıqdan aktyor sənətinə böyük marağım vardı, imkan tapan kimi meydan tamaşalarına baxar, kəndirbaz oyunlarını, səyyar sirk tamaşalarını izləyər, Novruz bayramlarında yaşıdlarımla bərabər “Kosa-kosa” oyunu hazırlayıb yaşadığım Buzovna qəsəbəsində dolaşardım.

 

Az sonra Hüseyn Ərəblinski ilə dostlaşdım, səhnəyə, aktyor sənətinə olan marağımı ona bildirdim.

 

– Sənin teatra göstərdiyin həvəs məni də heyran edir, – Ərəblinski dedi. –  İstənilən bir işi görmək üçün həvəs lazımdır. Gəl belə danışaq, sabah günortadan sonra vaxt tap, gəl “Nicat” cəmiyyətinə, imkan eləsən, balaca bir monoloq da hazırla, həm də səni dostlarımla tanış edərəm.

 

Hüseynin sözləri mənə qol-qanad verdi, ondan ayrılandan sonra bir müddət gəzib-dolaşdım, sabahkı görüşü fikirləşdikcə ürəyimə bir qorxu doldu. Belə çıxırdı ki, sabah imtahan verməyə gedirdim. Az qala fikrimdən daşınacaqdım. Amma sonra bu düşüncələri ağlımdan çıxarıb qəti qərara gəldim. Fizulinin “Leyli və Məcnun” poemasından bir parça hazırlayıb deyilən vaxtda Ərəblinski ilə görüşdüm. O, məni diqqətlə dinlədi, səsimə, boy-buxunuma, mimikama nəzər salıb əlini çiynimə qoydu.

 

– Elə belə də bilirdim, – dedi. – Sənin böyük gələcəyin var.

 

Qulaqlarıma inanmadım:

 

– Doğru deyirsən? Yəni məndən də artist çıxar? – uşaq sadəlövhlüyü ilə xəbər aldım.

 

– Əlbəttə çıxar. Sən tezliklə tanınmış bir artist olacaqsan! Aramıza xoş gəldin.

 

 

 

***

 

Bir dəfə tamaşada tərəf müqabilimə məktub verməliydim, hər dəfə zərfin içində olan kağızda məktubun mətni yazılırdı. Bu dəfə kimsə məktub yerinə ağ kağız qoymuşdu. Nə mən, nə də tərəf müqabilim məktubun mətnini əzbərdən bilmirdik. Mən məktubu aktyora verdim, açıb ağ kağız olduğunu görəndə məktubu mənə uzatdı:

 

– Oxu gör nə yazıblar, – dedi. 

 

Bir anlıq çaşsam da, tez vəziyyəti başa düşdüm.

 

– Cənab, çeşməyim yan otaqda qalıb, gözlə gətirim, oxuyum, – deyib, hər ikimizi vəziyyətdən çıxartdım. 

 

 

 

 

 

***

 

               Böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Vaqif” dramında yaratdığım Qacar obrazı ilə bir daha ümumxalq sevgisi qazandım.

 

               Tamaşanın məşqlərindən birinə Səməd Vuruğun özü də gəlmişdi, zalda oturub bizə baxırdı. Vaqiflə Qacarın görüş səhnəsini məşq edirdik. Birdən məşqi saxlayıb üzümü Səmədə tutdum:

 

– Bu yerdə Qacarın daha qaniçən, daha cəllad olduğunu vermək üçün elə bil nəsə çatmır, – dedim.

 

Səməd ani olaraq fikrə getdi, sonra ayağa qalxıb söylədi:

 

– Bir boynu olsaydı bəşəriyyətin 

 

Onu qılıncımla vurardım yəqin! – burda belə deyərsən.

 

Məşqdə olanlar şairi alqışladılar. Beləcə həmin beyt əsərə əlavə olundu.