Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, dekabrın 29-da Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Heydər Əliyev Sarayının “Nizami Gəncəvi İli” çərçivəsində keçirəcəyi yekun tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlib. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, tamaşanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir. Layihənin yaradıcı heyəti əmindir ki, ilk böyük səhnə təcrübələri olmasına baxmayaraq, gələcəyin aktyor və aktrisaların öz rollarının öhdəsindən məharətlə gələcəklər.