Tanınmış balet ustası Tamilla Şirəliyevanın 75 yaşı tamam olur

 

Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin tanınmış balet ustası Tamilla Şirəliyeva 75 yaşının tamam olması münasibəti iləsəmimi qəlbdən təbrik edək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu gün növbəti təltifini də gözləyirik.