Mədəniyyət Nazirliyi yanında İctimai Şura Sumqayıt Dövlət Dram Teatrında görüş keçirib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Şuranın üzvləri  Sumqayıt Dövlət Dram Teatrında yaradıcı heyətlə görüş keçiriliblər. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
Mədəniyyət Nazirliyindən alınan məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli ictimai şuranın məqsədi və məramı barədə bunları bildirib:
“Biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi nazirliyin rəhbərliyinə təqdim edirik. Yaxın günlərdə Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək”.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdikləri barədə məlumat verib. Eyni zamanda direktor bir təklif də irəli sürüb,  aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsinin olduqca effektiv olacağına diqqət çəkib.
Digər görüş iştirakçıları da öz arzu və istəklərini dilə gətiriblər.
Sonda ictimai şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğulayıb və bildirib:
“Biz İctimai Şura olaraq burada səslənən bütün təklif və təşəbbüslərin təhlilini aparacaq və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edəcəyik.”
Tezliklə portalımızda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli ilə müsahibəni oxucularımızın ixtiyarına verəcəyik.