Bir daha Kosovo kinosunun triumfu ilə nəticələnən Tokio kinofestivalının yekunları barədə Featured

Hər il keçirilən və sayca 34-cü olan Tokio Beynəlxalq Kinofestivalına bazar ertəsi yekun vuruldu. Sanki dünən festivala start verilmişdi, öncə
ulduzlar və qonaqlar ənənəvi qırmızı xalça üzərindən keçmiş, sonra rəsmi açılış mərasimi olmuşdu. Hər iki tədbirin, (eləcə də bağlanış gecəsinin) yayımı YouTube-dakı festival kanalı ilə nümayiş edilmişdi. “Ədəbiyyat və incəsənət” portalı qərb mətbuatına istinadən bildirir ki, açılış törəninə Yaponiyanın Baş naziri Fumio Kisida da qatılmışdı.
"Biz bu il festivalı keçirə biləcəyimizdən çox narahat idik. Ancaq koronavirus ilə bağlı vəziyyət yaxşılaşıb və biz bu festivalı tamaşaçılarla birlikdə keçiririk. Bu il biz əsas meydançamızı dəyişdik və indi festivalı Hibiya və Yurakut rayonlarındakı kinoteatrlarda keçiririk ki bu rayonlar da tarixən kinematoqrafla bağlıdır. Ümid edirəm, yaxın on gün kinoşünaslar üçün bol emosiyalı, maraqlı və zəngin təəssüratlı olacaq", - deyə açılış mərasimində kinofestivalın sədri Hiroyasu Ando bildirmişdi.
Yaponiyanın Baş naziri Fumio Kisida isə öz növbəsində tədbirin koronavirusa qarşı davam edən mübarizə dövründə keçirildiyini, festivalın özünün də həm adi formatı, həm də onlayn formatı özündə birləşdirdiyini vurğulamışdı. Hökumət başçısı həmçinin Yapon filmlərinin və animelərinin nümayişlərinin xarici auditoriyaya yaxşı təsir göstərəcəyinə ümid etdiyini bildirmişdi.
Şənbə axşamı gecə saatlarında "Kişi göz yaşları" (Cry Macho, 2021) böyük anşlaqla nümayiş olunmuşdu. Amerika rejissoru Klin İstvudun çəkdiyi bu filmdə əsas rolu da o özü oynayır. Noyabrın 8-də isə amerikalı rejissor və yazıçı Stiven Çboskinin çəkdiyi "Əziz Evan Hansen" (Dear Evan Hansen, 2021) müziklinin nümayişi ilə kinofestival bağlandı.
Proqramın özündə əvvəllər olduğundan daha çox dünya premyerası təqdim olunmuşdu, bunu mütləq qeyd etməliyik. Bu, əsasən Asiya filmlərinə aid idi. Tokioda kinoteatrlara gəliş üçün məhdudiyyətlər tamaşaçılar üçün işləmirdi, lakin dəvət olunmuş xarici qonaqlar və kino ulduzları festivalda iştirak etmirdilər, çünki Yaponiya indi, demək olar ki, yeni giriş vizaları vermir. Bu iştirak yalnız onlayn formatda idi.
Pandemiyanın əsas nominasiyasından imtina etmək qərarına gəlinmiş ötən ildən fərqli olaraq bu il müsabiqə proqramı bərpa olunmuşdu. Onun çərçivəsində 15 film nümayiş olunurdu. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilmişdi. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edirdi.
Biz azərbaycanlılar üçün sevindirici bir fakt o idi ki, TASS agentliyinin kino mütəxəssisləri festivaldakı ab-havaya istinadən əsas mükafata iddiaçılar arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Durna fənəri" (Crane Lantern, 2021) filminin də adını çəkirdilər. Film hüquq fakültəsinin tələbəsi olan bir qızdan və dörd qadının oğurlanması səbəbiylə həbsə alınan bir kişinin münasibətlərindən bəhs edir.
Həmçinin izləmənin əsas mükafatı üçün Qazaxıstandan olan rejissor Darejan Omirbayevin "Şair" (Poet, 2021) filminin adı çəkilirdi. Film XIX əsrdə yaşamış və hakimiyyət tərəfindən edam edilmiş Didar adlı tanınmamış şairin həyat hekayəsini izah edir. Bundan başqa, əsas proqrama Çindən, Cənubi Koreyadan, Yaponiyadan, Albaniyadan, İrandan olan rejissorların əsərləri daxil edilmişdi.
Ənənəvi olaraq, Tokio kinofestivalında müasir yapon filmləri və animelər, eləcə də klassik filmlər təqdim olunurdu. Bu il həmin klassik bölməyə bir neçə film daxil edilmişdi, buraya yapon kult aktrisası Kinue Tanakanın rejissor ampluasında çıxış etdiyi, 50-ci, 60-cı illərdə şəkilmiş 3 film də daxil edilmişdi. Bunlar "Hələ ay çıxmadı" (Tsuki vay noborinu, 1955), "Avara şahzadə" (Ruten no ohi, 1960) və  "O-Gin-sama" (Ogin-sama, 1962) filmləri idi. Rejissor
Katirina Krasniçidən və Kosovo kinosundan əsla danışan yox idi, bunu da qeyd edək.
Məlum olduğu kimi, Azərbaycan rejissoru Hilal Baydarovun “Durna çırağı” filmi festivalın “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görüldü. Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirdi. Öz filmi haqqında isə bunları dedi: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.
Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Tokio Beynəlxalq Film Festivalının əsas mükafatına gözlənilmədən kosovalı rejissor Kaltrina Krasniçinin “Vera dənizi arzulayır” filmi layiq görüldü. Film qumarda evini girov qoyaraq uduzan və buna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.
Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayevin “Şair” filmi layiq görüldü.
Bu cür nüfuzlu festivalda Azərbaycan filminin belə səs-küy qoparması, mükafatlandırılması kinomuzun inkişafından xəbər verir.
Çox sevindirici haldır. İnşallah, tezliklə baş mükafatlar da ölkəmizə gələr.

Şəkildə: İzabel Yupper qran-prini Yaponiyadakı Kosovo səfirliyinin nümayəndəsi Arber Mehmetiyə təqdim edir. Fotonu festivalın mətbuat katibliyi yayıb.