Azərbaycan İstanbul İncəsənət və Əntiq Sərgisində təmsil olunur

Türkiyənin İstanbul şəhərində növbəti dəfə İncəsənət və Əntiq Sərgisi təşkil edilib.
Mədəniyyət Nazirliyin bildirir ki, nüfuzlu incəsənət və əntiq əşya qalereyalarının iştirak etdiyi sərgidə Azərbaycan və Ukrayna qonaq ölkə qismində dəvət olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə Əlyar Əlimirzəyev, Məmməd Rəşidov, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Zərnişan Yusif kimi heykəltəraş və rəssamların əsərləri ilə təmsil olunur.
Sərginin ilk günü Bodrum Şəhər Bələdiyyəsinin sədri Ahmet Arasın iştirakı ilə açılış mərasimi keçirilib, klassik musiqi konserti baş tutub. Yüksək peşəkarlıqla dizayn olunmuş Azərbaycan sənətçilərinə ayrılmış guşəyə böyük maraq göstərilib, ziyarətçilər İstanbul şəhərindəki sərgidə iştirak edən Əlyar Alimirzəyev, Vüqar Muradov və Məmməd Rəşidov ilə tanış olmaq və onların əsərləri haqqında ətraflı məlumat almaq imkanı əldə edib. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin əməkdaşları Mirkamran Mahmudov və Kənan Hüseynov, həmçinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri Azərbaycan stendində ölkəmizin mədəniyyəti və incəsənəti haqqında məlumatları sənətsevərlərlə bölüşüb.
Sərgidə iştirak edən Bodrum Şəhər Bələdiyyəsinin sədri Ahmet Aras Azərbaycanın stendini ziyarət edib, dəyərli sənətkarların əsərləri ilə tanış olub. Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən Ahmet Arasa kitab hədiyyə edilib.
Qeyd edək ki, 2-ci İstanbul İncəsənət və Əntiq Sərgisi noyabrın 7-dək davam edəcək.