Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın mədəniyyət xadimləri ilə görüş keçirib

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin elm, mədəniyyət, incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və jurnalistlərlə görüşüb.
AzərTAC xəbər verir ki, tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq Qənirə Paşayevanın jurnalist və deputat kimi fəaliyyəti haqqında məlumat verib, bu günlərdə Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində yüksək səviyyədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini diqqətə çatdırıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində səmərəli görüşlərin, konsert proqramlarının keçirildiyini, Qənirə Paşayevanın “Addım-addım Özbəkistan” kitabının təqdimatının baş tutduğunu vurğulayan S.Abbasov AMM-nin fəaliyyəti haqqında da söhbət açıb, indiyədək mərkəzin xətti ilə 90-a yaxın kitabın çap edildiyini bildirib.
Direktor böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi “Xəmsə”nin Daşkənddə təqdimatının keçirildiyini də diqqətə çatdırıb.
Qənirə Paşayeva Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə özbək xalqını təbrik edib, Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında, iqtisadi inkişafın dərinləşməsində dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Deputat xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın, digər şair və yazıçılarımızın dostluğunun bir örnək olduğunu söyləyib. Belə səfərlərin həm Özbəkistanda, həm də Azərbaycanda müntəzəm olaraq keçirilməsinin vacibliyindən danışıb. Komitə sədri vurğulayıb ki, bir il əvvəl sentyabrın 27-də başlayan Vətən müharibəsində Özbəkistan Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.
O, belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.
Tarixçi alim Şuxrat Barlas 44 günlük müharibədə Azərbaycanı parlaq Qələbəsi münasibətilə xalqımızı təbrik edib, Azərbaycanın müharibə təcrübəsinin böyük dövlətlər tərəfindən öyrənildiyini bildirən tarixçi bu yaxınlarda Qarabağda və Şuşada olduğunu, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinin aparıldığını vurğulayıb.
Şair Gülzira Şaripova, professor Niqina Şirmuxammedova, jurnalist Şərafəddin Tulaqanov, musiqiçi Firuza Abduraxmanova və başqaları 44 günlük müharibədə özbək xalqının Azərbaycanın haqq işini dəstəklədiyini bildiriblər. Onlar AMM-nin bu istiqamətdəki təbliğat işini də yüksək qiymətləndiriblər.
Sonra iştirakçılar Azərbaycan milli yeməklərinə qonaq edilib, “Özbegim yoşları” ansamblının üzvləri Azərbaycan və özbək mahnılarını ifa ediblər.