Cadugərlər, forellər və böyük Fellini

 

Sabah bazar günü olduğundan sabaha aid olan əlamətdar günləri də xatırlatmaq fikrindəyik.

 

31 oktyabr. Ümumdünya Şəhərlər Günü

 

BMT-nin 68/239 saylı qətnaməsi ilə qeyd edilən bu gündə diqqət tarixilik və gözəllik baxımından seçilən şəhərlərə, amma həm də ucqarlarda diqqətdən kənarda qalan şəhərlərə cəm olunur. Şəhər anlayışının etimologiyası araşdırılır, maarifçilik işləri aparılır. Amma əsas məqsəd heç də bunlar deyil. Urbanizasiya, social-iqtisadi inkişaf faktorları da araşdırılır.  Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, 2050-ci ildə proqnozlara görə bu rəqəm 68 faizə çatacaq. Urbanizasiya – BMT-nin həyəcan təbili döydüyü bir faktordur. Şəhərlərin böyüyüb bir ucdan meqapolislərə çevrilməsi həm hədsiz əhali sıxlığı yaradır, həm də təbii resursların israflı xərcinə, enerji resurslarının çatışmazlığına, iş yerləri və xəstəxana çarpayıları qıtlığına, avtomobil tıxaclarının intensivliyinə yol açır. Elə öz ölkəmizi götürək. Əhalimizin az qala yarısı Bakıdadır. Urbanizasiya problemləri Bakının simasında aşkar görünmürmü?

 

Builki Şəhərlər Günündə əsas mövzu iqlim dəyişikliyinə şəhərlərin adaptasiyası olacaq.

 

31 oktyabr. Avtomobilçi günü

 

SSRİ-də yaranan bu gün hazırda postsovet ölkələrində qeyd edilir. Avtomobilçi – yəni sürücü. Dünyada sürücülər qədər həmrəy peşə sahiblərinə rast gəlməzsən. Yolda DYP işçisi olanda sürücülər bir-birinə siqnal ötürürlər, yəqin rastınıza çıxıb. İlk dəfə uşaq ikən bu halı görəndə yer üzündə bunca insan həmrəyliyinə təəccüblənmişdim. Bir də, doğulduğum Sumqayıtda sinif yoldaşlarım Mahirlə Musagilin 4-cü mikrorayonda yaşadıqları bina “şoferlər domu”, yəni sürücülərin binası adlandırılırdı, binada yalnız sürücü ailələri yaşayırdı. O binanın sakinləri bir-biriləri ilə o qədər mehriban idilər, o qədər doğma idilər ki. Bu da daha bir sürücü həmrəyliyi sübutu.

 

Hər avtomobil sürən həvəskar avtomobilçi olmaz, avtomobilçi - ictimai nəqliyyatı idarə edən peşəkarlardır, gəlin onları təbrik edək!

 

31 oktyabr. Dünya Qənaət Günü

 

Yəhudilərdə belə bir deyim var, pul qazanmaqla deyil, pula qənaət etməklə varlı olmaq mümkündür. Sadə bir məsələ. Əlinin 100 manatı var. Vəlinin 1000 manatı. Əli 100 manatının 50-ni xərcləyir. Vəli 1000 manatının 990-nı. Sual: Əli varlıdır, yoxsa Vəli?

 

World Savings Day – Dünya Qənaət Gününün maraqlı bir yaranma tarixçəsi var. 1988-ci ilin 31 oktyabr günündə Milan şəhərində keçirilən 29 ölkə Əmanət kassaları nümayəndələrinin ilk Beynəlmiləl Konqresində qərara alınıb ki, hər ilin bu gününü Qənaət günü kimi qeyd etsinlər. Maliyyəçi mütəxəssislərin təbirincə, insanın ən böyük qənaəti qazancından müəyyən hissəni əmanət kassalarında, banklarda yatızdırıb etdiyi bu qənaətin müqabilində gəlir əldə etməsidir. Bu gün BMT-nin direktivləri ilə rəsmən təsdiqlənib. Amma təəssüf ki, kasıbların da öz qənaət ölçüləri var. Bu gün üç yox, iki çörək almaq, əti və kərə yağını rasiondan çıxarmaq, nəqliyyatdan istifadə etməyib piyada getmək, bir paltarı süzülüb çırılıncaya qədər geymək və s.

 

Və ən nəhayət, bu gün təkcə pula qənaəti özündə ehtiva eləmir. İnsanlığa öz gücünə, zamanına qənaət etmək də təlqin olunur. Qənaət limitindən də aşağıda duran pulumuza qənaət etməyimiz absurddur, gəlin barı vaxta qənaət edək, onu boşuna xərcləməyək. Tamammı?

 

31 oktyabr. Beynəlxalq Qara Dəniz Günü

 

Beynəlxalq Qara Dəniz Gününü bu dənizin sahillərində qərarlaşmış 6 ölkə - Türkiyə, Bolqarıstan, Rumıniya, Gürcüstan, Ukrayna və Rusiya qeyd edirlər. Bilmirəm, kim Qara dənizi görüb, həqiqətən də bu dənizin suyu qaramtıl rəngə çılır, özü də nədənsə bir qədər dərinliklərdə adamı hədsiz vahimələndirir. Amma Qara dəniz dünya miqyaslı kurortları ilə şox məşhurdur. Aralıq dənizindən sonra ikinci yerdə möhkəmcə qərarlaşıb. Bir baxın, Bolqarıstanın Qızılqum, Gürcüstanın Batumi, Ukraynanın Krım və Rusiyanın Soçi kurortları Qara dəniz boyunca düzülüb insanlara rahatlıq, dinclik, sağlamlıq bəxş edir, onların zövqünü oxşayır. Rumıniya kurortları bunlar qədər dünyaca məşhur olmasalar da, hər halda Mamaya bölgəsinə gələn xarici turistlər hər il sürətlə artır. Qardaş Türkiyə isə bütün kurortlarını Aralıq və Egey dənizi sahillərində yaratdığından Qara dəniz sahillərindəki Trabzon öz limanı, Rizə öz çayı, Samsunsa qədim tarixi abidələri ilə tanınır.

 

1996-cı ildən bu günü qeyd etməkdə məqsəd Qara dənizi çirklənmədən xilas etməkdir. Qara dəniz Kerç körfəzi ilə Azov dəniziylə, Bosfor boğazı ilə Mərmərə dənizi ilə (Türkiyədə olub da Bosforu görməyən tapılmaz), Dardanel boğazı ilə Egey və Aralıq dənizləriylə birləşir, Atlantik okeanın daxili hovuzu hesab edilir. Bura həmçinin Dunay, Dnepr, Dnestr, Rioni, İnquri, Buq, Sakarya kimi böyük çaylar da tökülür. Qara dənizdə 2,5 min balıq və heyvan növü yaşayır, 270 növ bitki aləmi nümunəsi vardır.

 

Bugünkü tədbirlər sırasında çirkli suların dənizə axıdılmasının, neft və mazut daşıyan tankerlərin üzməsinin və balıq ovunun bir günlük qarşısının alınması nəzərdə tutulur.

 

Nə olsun ki, biz Qara dənizə aid deyilik?  “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısını ki, bizim Azərin oxuyur?

 

31 oktyabr. Cadugərlər, forellər və böyük Fellini

 

Psixiki qüvvələrin artırılması günü. Lütfən, artırın öz psixiki qüvvələrinizi. Elmi ədəbiyyat oxuyun, maarifləndirici proqramlara baxın. Psixoloq ziyarətləri də pis olmaz. Sehir və cadu günü. Amanın günüdür, bu sayaq şeylərdən uzaq durun. Bu gün qış vaxtına keçid günüdür, amma biz Azərbaycan dövləti olaraq müstəqillikdən sonra bu məşğuliyyətdən vaz keçmişik. İngilislər bu gün Kornoullidə Allantid gününü qeyd edirlər. Qışın ilk gününün ərəfəsi hesab edilən bu gündə Kornoulli qrafliği böyük festival keçirir. İngiltərənin cənub-qərbində yerləşən bu bölgədə mifologiya çox güclüdür, miflərdə isə qış noyabr ayında qədəm qoyur. Ruslar bu gün həbsxana və SİZO işçiləri gününü qeyd edirlər. Deyilənə görə, dünyada ən qəddar aşağılamalar rus ordusunda və rus həbsxanalarındadır. Protestant kilsəli ölkələrdə bu gün Reformasiya günü qeyd edilir, özündə kilsə islahatlarına ehtiramı ehtiva edir. Men adasında Xop-tu-naa festival başlayır, bu bir kelt mədəni ənənələr festivalıdır. Norveçdə Rakfist festival başlayır. Rakfist forel balığının xüsusi fermentləşdirmə qaydası ilə hazırlanmasıdır ki, deyilənə görə, onu yeyən barmaqlarını yalayır. ABŞ-da? Karamelli alma günüdür.

 

Bəs 31 oktyabr hansı hadisələrlə tarixə düşüb? 1993-cü ildə dünyaşöhrətli, dahi italyan rejissoru, yazıçı Anarın qəhrəmanı demişkən, “Borokkodan rokokkoya keçmiş” Federiko Fellini dünyasını dəyişib. 1984-cü ildə məşhur hindistanlı qadın, ölkənin baş naziri İndira Qandi sinkxlər tərəfindən qətlə yetirilib. 1961-ci ildə Leninlə barəbər Qızıl meydandakı mavzoleydə uyuyan Stalinin nəşini “şəxsiyyətə pərəstiş” adı ilə oradan çıxarıblar. 1843-cü ildə Anri Rönye – məşhur fransız rəssamı dünyaya gəlib.

 

Varisin “Həftənin təqvimi” yazısından