Anar Kərimovun rəhbərlik etdiyi heyət Türkiyənin Cümhuriyyət Günündə iştirak edib

1923-cü ildən etibarən hər il oktyabrın 29-u Türkiyənin Cümhuriyyət Günü kimi qeyd olunur. Qardaş ölkə üçün belə şanlı və qürurlu tarixdə mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.
Mədəniyyət Nazirliyi məlumat verir ki, səfər çərçivəsində mədəniyyət nazirinin rəhbərlik etdiyi heyət İstanbul Atatürk Kültür Mərkəzinin yenidən açılışında iştirak edib.
Türkiyədə sənətin, mədəniyyətin nəbzinin döyündüyü bu məkanın yenidən qonaqlara qapılarını açdığı əlamətdar bayrama Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də bir sıra dövlətlərin rəsmiləri qatılıb.
Açılış tədbirində ölkə başçısı R.T.Ərdoğan çıxış edərək, Qardaş Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.
Sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qonaqları salamlamaqdan məmnunluğunu ifadə edərək, qədim tarixi köklərə malik Türkiyə dövlətinin zəngin mədəniyyətindən söz açıb.
Tədbir "Sinan" operasının nümayişi ilə davam edib.