Bu gün Müşfiqi, Cavidi və digər repressiya qurbanlarını xatırlayacağıq

 

30 oktyabr. Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü

 

1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarskinin təşəbbüsü ilə Mordoviya və Perm düşərgələrinin məhbusları “Beynəlxalq Siyasi Məhbuslar Günü”nü həbsxanada aclıq edərək siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kovalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədlər ictimailəşdirilib və siyasi məhbusların sözləri ictimaiyyətə çatdırılıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kovalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. O vaxtdan bəri həmin tarix əvvəlcə sovet dissidentləri arasında, sonra isə ümumdünya miqyasında repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur.

 

Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya adlı qanlı terror dönəmi Azərbaycanda çox böyük miqyasda ziyalı təbəqəsinin məhvinə səbəb olub. Azərbaycanda repressiya nəticəsində öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 min nəfəri ziyalılar idi. Bu dəhşətli repressiya təkçə öldürülənlərlə yekunlaşmayıb. O qanlı illərdə Azərbaycan ərazisindən intellektual təbəqənin 100 mindən artıq nümayəndəsi - yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları Qazaxıstanın ilan mələyən çöllərinə, eləcə də ilik donduran soyuq Sibirə sürgün ediliblər. 1937-ci və 38-ci illərdə repressiya amansızlığı etibarilə pik nöqtəsinə çatmışdı. İnsanlar 15-20 dəqiqə çəkən qondarma məhkəmələrin “qərarı” ilə güllələnir, məhv edilirdi. Repressiya qurbanlarına tarixin sonrakı dönəmlərində “bəraətlər” verildi, bu, məhv edilmiş günahsız ömürləri, darmadağın olmuş məsum həyatları geri gətirməsə də, onların xələfləri üçün, bütövlükdə Azərbaycan xalqı üçün kiçik də olsa mənəvi təsəlli idi.

 

30 oktyabr. Frankenşteyn günü

 

Bu tanınmış bir obrazdır, Meri Şellinin “Frankenşteyn, yaxud müasir Promotey” romanının baş qəhrəmanı, müxtəlif kitabların, bu süjetə dramatik və kinematoqrafik adaptasiyaların personajı olan bu şəxs həyat ziddiyyətlərinin simvoludur. Peşəcə kimyaçı olan Frankenşteynin ilkin fikri insan cisminin gözəlliyini qaçırılmaz bir çirkinliyə məruz qoyan ölüm mövhumunu yer üzündən silmək olur. Bu fikri bir müddət sonra tamamilə yeni bir məxluq yaratma düşüncəsi əvəz edir. Qəti olaraq bu fikrə yiyələnən kimyaçı gecə saatlarında gizlincə qəbirləri eşərək müxtəlif insan qalıqlarını toplayır. Nəhayət iki illik bir fəaliyyətin bəhrəsini görmək üçün həvəslə planını həyata keçirməyə niyyətlənir. Topladığı insan qalıntılarını evin döşəməsinə düzərək əldə etdiyi qarışımla fikrindəki məxluqu yaratmaq üçün ilk addımı atır.

 

Düşüncələrində gözəl görünüşə malik və daim yaxşı işlərlə məşğul olacaq bir varlıq yaratmağı təxəyyül edən kimyaçı, realda ərsəyə gələn məxluqu görcək dəhşətə gələrək yaşayış yerini tərk edir və uzun müddət xəstə yatır. İnsanlara yaxınlaşma cəhdi daim uğursuzluqla nəticələnən həmin məxluq isə daxilində tədricən bütün insanlığa qarşı nifrət bəsləməyə və fürsət tapdıqca onlara zərər vurmağa başlayır. Nəticədə onu yaradan Frankenşteynin bütün sevdiklərini yox edəcəyinə and içir.

 

Frankenşteyn günü xeyirxah məqsədlərin bədxah məqsədlərə çevrilə biləcəyi barədə düşüncələrə varmaq, belə hallara yol verməmək məqsədi daşıyır.

 

Varisin “Həftənin təqvimi” yazısından