Bu gün Türkiyədə Cümhuriyyət günüdür

 

Canımız, qanımız olan Türkiyənin bu möhtəşəm bayramı hər bir azərbaycanlının da bayramıdır. 4 il çəkən müharibədən sonra 1923-cü ilin bugünkü günündə böyük Mustafa Kamal Atatürk imperialist qüvvələrin caynağından qopararaq Türkiyə Cumhuriyyətinin qurulmasını elan etmişdir. Türkiyə bu gün dünyanın söz deyən ölkələri sırasında əsas söz yiyələrindən hesab edilir, türkdilli xalqların, eləcə də müsəlmanların bir nömrəli lideridir, arxa və dayağıdır.

 

Avropalılar qədim Bizans imperiyası ərazisində təşəkkül tapmış müasir Türkiyəyə əvvəla turizm cənnəti kimi baxırlar, təsadüfi deyil ki, YUNESKO-nun ümumdünya irs siyahısına Türkiyənin 75 məkanı daxil edilib. Ən çox gəlinən yer də Bibliya şəhəri hesab edilən Efesdir. İkincisi, avropalılar Türkiyəyə həm də ticarət Məkkəsi kimi baxırlar. Necə də olmasa, 1455-ci ildə əsası qoyulmuş 4000 mağazadan və 66 küçədən ibarət Böyük bazar İstanbulda yerləşir axı. Üstəlik, avropalılar müəyyən şeylərə görə özlərini türklərə borclu da hesab edirlər. Niyə də etməsinlər. Hər bir avropalının səhəri bir fincan qəhvə içməklə başlamırmı? Bax Avropaya qəhvəni türklər gətiriblər. Çərəz süfrələrini bəzəyən gilası da türklər gətiriblər, kavalerlərin xanımlara təqdim etdikləri zanbaqları da.

 

Bu gün Türkiyədə idarə və müəssisələr saat 13-dən sonra işləməyəcək, rəsmi şəxslər, əlbəttə ki, sayın cumhurbaşqanı Ərdoğan çıxışlar edəcəklər, Ankaradakı Anıtqəbri on minlərlə insan ziyarət edəcək. Stadionlarda kütləvi bayram tədbirləri keçiriləcək, musiqi, rəqs, idman yarışları və hərbi parad bir-birinə qarışacaq. Bayramın mübarək, Türkiyəmiz!