YARAT”dan multidistiplinar layihə - “Mədəni yenilənmə”

“YARAT” Müasir İncəsənət Mərkəzi Mədəniyyət Nazirliyi il birgə "Mədəni yenilənmə" adlı yeni multidisiplinar layihəsinə başlayır.
“YARAT”dan AzərTAC-a bildirilib ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək. Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərslər, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq. Layihənin ilk qonağı teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq elmləri namizədi, dosent Elşən Məmmədov olacaq.
Oktyabrın 28-də reallaşacaq layihənin ilk tədbiri Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında gerçəkləşəcək.