Pəltək nazir, zorən düymə saymaq məşğuliyyəti və Beynəlxalq Qaynanalar günü Featured

 

21-27 oktyabrın təqvimi Varisin təqdimatında

 

 

 

21 oktyabr. Ümumdünya yod çatışmazlığı günü

 

Bu gün yod çatışmazlığı ilə bağlı xəstəliklərin profilaktıkası günüdür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2 milyard insan yod defisiti yaşayır, bunlardan üçdə biri məktəblilərdir. Hər il 38 milyon uşaq yod defisiti riski ilə doğulur. Əlbəttə ki, qanqaraldıcı statistikadır. Yod çatışmazlığı halları daha çox Afrikada və Çənub-Şərqi Asiyada müşahidə edilir. Dağlarda, dənizdən kənarda yaşayan insanlara xas bir problemdir bu, əsas törətdiyi xəstəliklər də endemik zob, endemik kretenizm - əqli çatışmazlıqdır. Bu bəladan əsas qorunma üsulu dəniz məhsullarından qida rasionunda gen-bol istifadə etməkdir. Eyni zamanda, qida zamanı məhz keyfiyyətli, yodlaşdırılmış duzdan istifadədir. 

 

21 oktyabr. Çərənləmək günü, yaxud çərənçi günü

 

Məzəli bir tarix. Monoton həyatdan qopmaq üçün asudə və problemsiz yaşayan böyük sivilizasiyaların təqvimə saldıqları bir gün. Hamıya imkan verilir ki, çərənləsinlər. Bu gün heç kəs danışdığı boş və mənasız sözlərə görə məsuliyyət daşımayacaq. Çərənləməyi vəzifə siyasətinin tərkib hissəsi elan edənlər isə bu gün özlərini öz qablarında hiss etməyə bilərlər. Həmişə sən hamıdan seçilirsən, indi isə hamı sənin bənzərin, ekiz tayındır.

 

21 oktyabr. Paltardakı düymələri təkrarən saymaq günüdür

 

Çərənləmək gününün yenə nəsə bir didaktik anlamını tapmaq olar, amma paltarındakı düymələri təkrarən saymaq günü ilk baxışda insanlığa bir parodiya kimi görünür. Yəni, bekarsansa bu boş məşğuliyyətlə məşğul ol. Amma həqiqətənmi insan bekar ola bilər? Başı çörəkpulu qazanmağa qarışmış orta statistik azərbaycanlı nəinki düymə saymağa, heç baş qaşımağa belə vaxt tapmır, bəy əfəndilər.

 

İndi isə məğzi anlamağa çalışaq. Tutalım, xöşbəxt xalqlar, məsələn, norveçliləri götürək, başladılar bu gün düymə saymağa. İnsanın nə qədər düyməsi var axı ki, onu saymaqla zamanını keçirsin? Tutalım, plaşında üç, kostyumunda üç, köynəyində altı, şalvarında bir. Saydıq. 30 saniyə. Bəs sonra? Sonra bir də say. Yenidən, yenidən say. Və əslində, həyat ona məna qatmayanda bax beləcə ötüb keçir, sadəcə, adi günlərdə bunu hiss etmirik, bu düyməsayma günündə isə boşuna keçən zamanın dəhşəti bütün çılpaqlığı ilə hiss edilir. Zira boşuna əlamətdar gün salmazlarmış təqvimə, əmin olun.

 

21 oktyabr.  Beynəlxalq həmrəylik, razılaşma mədəniyyəti və sülh günü

 

Təqvimdə sülh günləri bir neçədir, bu günün əsas anlamı isə insanların bir-biri ilə dil tapmaları, həmrəy ola bilmələridir. Eləcə də ayrı-ayrı dövlətlərin. Bütün bəlaların kökündə elə bu anlaşa bilməmək dayanmırmı? Qarşındakı tərs, qanmaz olarsa gəl onunla nədəsə razılaş, dil tap görüm necə tapırsan. Amma bu gün tərslikdən, inaddan qopmağa hamı məcburdur. Demək, dolaşıq işləri nizama salmağa bu gün əsl məqamdır.

 

21 oktyabr. “Davam edir 37” deyən Xəlil Rza Ulutürkün doğum günü

 

Böyük azərbaycanlı, istiqlalçı şairimiz, kommunist rejiminin ən qorxunc Lefortovo zindanında məhbusluq həyatı yaşamış Xəlil Rza Ulutürkün – “İstiqlal” ordenli xalq şairimizin bu gün doğum günüdür.  1932-ci ilin bu günündə Salyan rayonunun Pirəbbə kəndində doğulan, 1994-cü ilin 22 iyununda isə Bakıda vəfat edən şairimizin dünyaya gəlişindən tam 89 il ötür, gələn il, inşallah, onun 90 illiyini xalq olaraq təmtəraqla qeyd edərik. 

 

21 oktyabr. Alfred Nobel, romantizmin banisi olan şair və dünyanın ən məhsuldar rəssamı

 

Çin bu gün xaricdəki çinlilər gününü qeyd edir. Bizdə xırda-xuruş satan çinli küçə ticarətçiləri az deyil, rastınıza çıxsalar mütləq təbrik edin. Briyaniyalılar (Trafalqard döyüşünün ildönümü), misirlilər (hərbi-dəniz donanması günü) və honduraslılar (hərbi qüvvələr günü) bu gün hərbi bayramlarını qeyd edəcəklər. Belizin bugünkü bayramında da silah əsas qəhrəmandır. Amma fərqli ampluada. Belə ki, bu gün Belizdə qaşqaldaq ovu günüdür. Hindistanda isə silah bir başqa anlamda gündəmə gələcək. Bu gün Hindistanda xidmət zamanı öldürülən polislərin günüdür. Təbii ki, təkcə Amerikada əsas qəhrəman yenidən mətbəxdir. Milli balqabaq çizkeyki günüdür demokratiya ixracçılarında. Deyilənə görə çox dadlı olur bu yemək. Ona balqabaqlı piroq desək daha aydın anlaşılar. Payızda amerikalılar çizkeyki həm ağızları dada gəlsin deyə, həm lazımi kalori alsınlar deyə, həm də vitamin qəbul etsinlər deyə yeyirlər.

 

1950-ci ilin bu günündə müharibə qurbanlarının müdafiəsi barədə Jenevrə konvensiyası qüvvəyə minib. 1833-cü ilin bu günündə isveç kimyaçısı, dinamiti kəşf edən şəxs, Bakı neftinin ixracından milyonlar qazanan, Nobel mükafatını təsis edən Alfred Nobel dünyaya gəlib. 1772-ci ildə ingilis şair-reformatoru Samuel Kolric doğulub, ədəbi romantizmin banilərindən hesab edilir bu şair. Ondan cəmi on iki il əvvəl isə Kasusika Hokusay adlı yapon rəssamı, ksiloqrafiya ustası doğulub. Bu şəxs isə incəsənət tarixinə ən məhsuldar rəssam kimi düşüb. Təsəvvür edin, o, həyatı boyu 30 min rəsm əsəri çəkib. Bəli, düz 30 min! Orta hesabla hər qırx dəqiqəyə bir  rəsm deməkdir bu. Ən nəhayət, 21 oktyabrın daha bir əlamətdar hadisəsi 1520-ci ildə Fernand Magellanın Atlantik və Sakit okean arasındakı körfəzi kəşf etməsidir ki, həmin körfəz indi onun adını daşıyır.

 

22 oktybar. Tanınmış xalçaçı-rəssam Kamil Əliyevin 100 illiyi

 

Kamil Müseyib oğlu Əliyev 1921- ci il oktyabr ayının 22-də Qərbi Azər­baycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ildə Bakı Rəssamlıq Mək­təbində təhsil almağa başlayıb, görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. Təhsilini davam etdirməklə yanaşı, “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləyib. 1941-ci ildən Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə cəbhədən 22 orden və medalla dönüb. Yüksək vəzifələrdə çalışıb, “Soyuz-Torq reklam”ın baş direktoru, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyi İstehsalat şöbəsinin müdiri işləyib. O, 1993-cü ildən ömrünün sonunadək “Azərxalça” Elmi İstehsalat Birliyinin baş direktoru olub. İlk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edib. Xalçanın uğur qazanması rəssamı daha da ruhlandırıb, o, bu dəfə Nəsimiyə və Nizamiyə həsr edilmiş xalçalar yaradıb. Xalça üzərində yaratdığı portretlərdən görkəmli türk dövlət xadimi Atatürkün, Turqut Özalın, Süleyman Dəmirəlin, eləcə də Heydər Əliyevin portretləri toxunmuş xalçalar xüsusilə məşhurdur. Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da Kamil Əliyevin adı ilə bağlıdır. Daha çox Abşeron ornamentlərinə üstünlük verən Kamil Əliyev ümumilikdə bütün milli naxışlar üzərində işləyərək onlara yeni bir ruh, yeni nəfəs verirdi. Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar respublikamız müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilib, bu qədim el sənətinin nümunələri ən mötəbər muzeylərdə, o cümlədən Londonun məşhur “Viktoriya və Albert” muze­yində saxlanılır.

 

K.Əliyev Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə ilk dəfə 1960-cı ildə Fəxri fərmana layiq görülüb, respublikanın “Tətbiqi incəsənət ustası” adını qazanıb. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1998-ci ildə dekorativ və tətbiqi sənət üzrə professor elmi rütbəsi alıb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Görkəmli rəssam Kamil Əliyev 2005-ci il mart ayının 1-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

22 oktyabr. Ümumdünya pəltəklər günü

 

Deyirlər ki, Böyük Britaniyanın, Kanadanın, Avstraliyanın və Cənubi Afrikanın kralı olan VI Georq pəltək imiş, hələ 20-ci əsrin əvvəllərində nitq terapiyasının vacibliyindən bəhs edibmiş. Ümumdünya pəltəklər gününün təşəbbüskarlarının da məhz kanadalılar olması (Kanada Nitq Patalogiyası Cəmiyyəti) bəlkə elə bu hadisə ilə qaynaqlanır. Statistikaya görə, dünyada 3 milyon insan bu problemlə yaşayır. Bu patalogiyanın səbəbi isə hələ də elmə məlum deyil. Onu aradan götürmək üçünsə bir çox vasitələr vardır, loqopedik, psixoloji, psixoterapevtik, medikamentoz, fizioterapevtik və s. və i. Təəssüf ki, bu vasitələrin heç biri pəltəkliyi tam aradan götürə bilmir.

 

Bizdə tək kəkələyənə deyil, nitqi qüsurluyu da pəltək deyilir. Siyasətdə təmsil olunanlar arasında r hərfinə y deyənlər az olmayıb. Nazir, komitə sədrinin müavini, səfir, müxalifət lideri... Əlbəttə, fiziki qüsurdur deyə bunun üzərində dayanmayacağıq.

 

Pəltəklik bir fiziki qüsur olsa da lətifəqoşanlar ona da şəbədə qoşmaqdan vaz keçməyiblər, belə insanlar bir çox lətifələrin qəhrəmanlarına çevriliblər. Bu lətifələrdən birini lap uşaqkən eşitmişəm. Dörd nəfər ağır pianonu liftsiz binanın 9-cu mərtəbəsinə qaldırır, biri pəltək olur, yol boyu –Biz sə... sə... sə... – deyə kəkələyir, digər üçü onu acılayır, pəltək olduğu üçün aşağılayır, hər dəfəsində sözünü axıra çatdırmağa imkan vermirlər. Yalnız 9-cu mərtəbəyə şatanda o, sözünü tamamlaya bilir: -Biz səhv gəldik, o biri bloka getməli idik.

 

Üçlər niyə öncədən bunu demədiyinə görə onu söyüş yiyəsi edə-edə çar-naçar pianonu aşağı düşürməyə başlayanda o yenidən kəkələməyə başlayır, bu dəfə -Mən za.. za... za...- deyə fikrini izah etmək istəyir. Yenə də söyüş, təhqirlər sıralanır, yenə yol boyu ona fikrini izah etməyə imkan vermirlər. 1-ci mərtəbəyə çatanda o, nəhayət ki, fikrini tam deyə bilir: -Mən zarafat edirdim.

 

22 oktyabr. Ağ durnaların bayramı

 

Sevirəm də bunca romantik günləri. Bu bir ədəbiyyat bayramıdır. Biləsiniz, təqvimə salınan bu günün arxasında məşhur dağıstanlı şair, hamımızın tanıdığımız Rəsul Həmzətov dayanır, onun təşəbbüsü ilə müharibə meydanlarında canlarından keçmiş igidləri anmaq üçün belə bir gün qeyd edilir. Milliyyətcə avar olan, SSRİ-nin Səməd Vurğunla, Mixail Şoloxovla, Konstantin Simonovla, Çingiz Aytmatovla birgə ən məşhur yazarları sırasında yer alan, yüzlərlə təltifi olan bu şəxs Ağ durnalar bayramı gününü təqvimə saldırarkən çeçen folkloruna əsaslanıb, belə ki, çeçen folklorunda deyilir ki, əgər müharibədə döyüşən, qan tökən zalım igidlər Allah tərəfindən bağışlanarsa, onda onların ruhları ağ durnalara çevrilər. Folklora görə, durnalar hər dəfə köç edəndə ucadan çığırırlar, bu, onların aldıqları canlardan üzr istəmələri ritualıdır.

 

Əlbəttə ki, müharibənin üzü sərtdir, orda ya öldürməlisən, ya ölməlisən. Amma tarix boyu ədalətli və ədalətsiz deyə müharibələr iki yerə ayrılır. İşğal etmək istəyənlə müdafiə olunan əsla eyniləşdirilə bilməz. Demək, ağ durna bayramı ancaq ədalətli müharibə aparanlar, o cümlədən bizim xalqımız üçündür. Digərlərinin ruhları isə heç vaxt ağ durnaya dönə bilməz. Bəlkə də, qara qarğaya dönər.

 

22 oktyabr. “Metropoliten – Opera”, İvan Bunin və dirijor çubuğu

 

Ümumdünya şampan şərabı günü. Qazlı çaxırın vətəni Fransadır, biləsiniz. Beynəlxalq Caps Lock günü. Kompüterin bu düyməsini aktual edən bir gündür. Yaponiyada Dziday-matsuri festival – musiqi ənənələri ilə dini ritualların remiksi. Fexner günü. Alman filosofu, fiziki və psixoloqu Qustav Fexnerə həsr olunan beynəlxalq gün. Psixofizikanın banisi olan Fexner bu təlimi məhz 1850-ci ilin 22 oktyabrında yaradıb. Psixofizika isə fiziki stimullarla hissiyyatlar arasındakı əlaqəni öyrənən bir elm sahəsidir.

 

O ki qaldı amerikalılara, bu gün onlarda milli qoz günüdür. Amerikalıların öz milli qozları olmasa da onlar yunan və hind qozlarını milliləşdirib həzmi-rabeədən keçirirlər.

 

22 oktyabrda nələr baş verib bəs? Mütləq deyək ki, 1949-cu ildə SSRİ ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1947-ci ildə yeniyetmə yaşında dünya şöhrəti qazanmış məşhur italiyalı müğənni Robertino Loretti doğulub. 1938-ci ildə Çester Karlsion kağız sənədin ilk dəfə fotokopiyasını çıxarıb. 1883-cü ildə dünya mədəniyyətinin ən triumfal hadisələrindən biri baş verib – Nyu-Yorkda “Metropoliten – Opera” açılıb, ilk günündə Qunonun “ Faust” operası oynanılıb. Həmin il irland yazışısı Tomas Mayn Rid dünyasını dəyişib. 1870-ci ildə 1933-cu ilin Nobel mükafatçısı olan rus yazıçısı İvan Bunin doğulub. Ən nəhayət, 1859-cu ildə alman skripkaçısı, musiqidə romantizmin yaradıcısı Lui Şpor vəfat edib. Lui Şpor dirijor çubuğunu kəşf edən şəxs kimi də tarixə düşüb, yeri gəlmişkən.

 

Futbol azarkeşlərinə isə onu xatırlatmaq istəyirəm ki, bu gün çox sayda tanınmış futbol adamı dünyaya gəlib, onlardan biri millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadovdur, digəri “Arsenal” klubunun fransalı məşqçisi Arsen Venger, digəri əfsanəvi sovet qapışısı Lev Yaşin. Digərləri də qalsınlar növbəti dəfəyə.

 

23 oktyabr. Hər şeyin yaxşılığa dəyişilməsi günü

 

Make a Difference Day. Xəyallarla, illüziyalarla yaşayan insan üçün bundan gözəl günmü ola bilər? Problemlərin, ağrı və acıların içində bir ömür sürürsən, bir gecə də yatıb ayılanda görürsən ki, hər şey yaxşılığa doğru dəyişib, sənin heç bir əvvəlki qayğın qalmayıb, varlı-hallı, şad-xürrəm ailənlə xoşbəxt yaşayırsan, üstəlik, təmsil etdiyin xalq da tüm olaraq xoşbəxtdir, tiranlar daha yel olub da onun yanından ötə bilmir.

 

Əziz oxucularım, bu gün səmimi qəlbdən hər şeyin yaxşılığa dəyişilməsinə ehtiyacı olan hər birinizə günün öz adını doğrultmasını arzulayıram. Amma məsəl də var, “səndən hərəkət, məndən bərəkət”. Yaxşılığın özbaşına gələcəyinə çox da bel bağlamayın, bunun üçün mütləq çaba göstərin. Allah hər birinizi arzularınıza çatdırsın.

 

23 oktyabr. Mole, tok-şou təşkilatçısı və iPod günü

 

Mole gününü kimyaçılar qeyd edirlər, mol adlı hissəciyin şəninə qeyd olunur bu gün. Tok-şou müasir televiziyaların proqram setkalarını dolduran bir proqramdır, tok-şouları təşkil edənlər publikaya ən aktual mövzuları transfer edirlər. iPod-u isə tanımayana lənət. Uşaqlarımızı əlimizdən alan, onların gözlərini ziyadan salan, onları dərsdən, ünsiyyətdən kənarlaşdıran bir kabusdur iPod (Apple şirkəti məni məhkəməyə verməsə yaxşıdır). Bu gün - ilk cihazın satışa çıxması şərəfinə qeyd edilir.

 

23 oktyabr. Qar bəbiri, kremli piroq və “Barama”

 

Beynəlxalq qar bəbiri günü. Macarıstanda Respublika günü. Rusiyada reklam işçiləri günü. Braziliyada aviator günü. Liviyada azadlıq günü. Makedoniyada inqilab günü. ABŞ-da kremli piroq günü. BMT Baş Assambleyasının 1946-cı ilə təsadüf edən ilk iclası günü.

 

Bir də görürsən, oxucularımdan biri şikayətlənir ki, niyə, tutalım, kosmonavtlarımızdan heç nə yazmırsız. Təbii ki, belədə cavabım sadə olur, deyirəm, rəhmətliyin oğlu, bizdə kosmonavt nə gəzir. Amma elə ki, deyirlər, niyə meyxanaçılarımızdan heç nə yazmırsız, onda adamın deməyə sözü qalmır.  Demək, bu gün tanınmış Azərbaycan meyxanaçısı, müğənni, yazar, bəstəkar və aktyor Aqşin Fatehin doğum günüdür. O, 1978-ci ilin bu günündə Tiflisdə dünyaya göz açıb. Aqşin bir ara “Kurtlar vadisin”ndən təsirlənib, həvəslənib mafiyadan bəhs edən teleserial da çəkmişdi. “Barama” adlanırdı həmin serial. Onun filmində əlində avtomat qaqaşlar Bakı küçələrində atışırdılar. Təbii ki, Aqşin Fatehə izah olundu ki, bizdə belə şeylər keçmir, o da ala-yarımçıq finalı çəkib “Brama”ya əlvida dedizdirdi.

 

24 oktyabr. Birləşmiş Millətlər Təşkilatı günü

 

BMT - 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Höküməti"dir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. Baş qərargahı Nyu-York şəhərində yerləşir. BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

 

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.  Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir: Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. Eləcə də BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, BMT-nin Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı BMTQAK kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

 

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

 

24 oktyabr. Ümumdünya inkişaf barədə informasiya günü

 

1972-ci ildə BMT təqvimə belə bir gün salıb, məqsəd də o olub ki, dünya ictimaiyyətinin fikri inkişaf problemlərinə yönəldilsin, bu problemlərin həlli yolunda beynəlxalq əməkdaşlıq möhkəmləndirilsin. Xüsusən, gənclər cəmiyyətlərinin səfərbərliyi, inteqrasiyalar inkişaf təməyyülünü əsaslandırır, tənəzzüldən xilas yollarını arayıb tapmaqda rol oynayır. Maraqlıdır ki, bu mövzu BMT üçün prioritet olduğundan, seçilən tarix - 24 oktyabr günü həm də BMT günü olması ilə diqqət çəkir. İnkişaf – realda olan bir prosesdir, onun yalnız təbliğatda mövcud olan “qardaşı” da var ki, onun doğulması bic uşağın doğulması kimi arzuolunmazdır.

 

24 oktyabr. Baykonur faciəsi, Böyük Depressiyanın başlanğıcı

 

Yeyib-içməyin ən müxtəlifliklərini təqvimə salıb qeyd edən amerikalılar bu gün baltanı lap dibindən vurublar, bu gün onlarda sadəcə Yemək günüdür. Amma təbii ki, davamı da var, tək bir bayramla kifayətlənməzlər axı. Bu gün həm də Milli Bolonya kolbasası günüdür.

 

1986-cı ildə Londonda dünyanın ən böyük val mağazası açılıb. Gənc nəsil valın nə olduğunu bilməz, radionun üstünü açırdın, orda patefon deyilən bir şey var idi, fırlanan disk idi, yumru olan bu val adlı nəsnəni onun üstünə qoyurdun, val fırlandıqca patefonun iynəsi ona yazılmış musiqini səsləndirirdi.

 

1963-cü ildə Sovet dövlətinin uzun müddət gizlətdiyi bir hadisə baş verib, Baykonur kosmodromunda MBR raketi partlayıb, 8 nəfər həlak olub. Qəribədir ki, düz üç il əvvəl eynən həmin bu 24 oktyabr günündə Baykonurda daha dəhşətli bir hadisə baş vermişdi, P-16 raketi partlamışdı, ümumilikdə 126 adam həlak olmuşdu.

 

1939-cu ildə ABŞ-da, Delaver ştatında ilk neylon corablar istehsal olunub. 1929-cu ildə ABŞ-da Qara cüməaxşamı adlı böyük birja böhranı yaşanıb, nəticədə ölkəni böyük məhrumiyyətlərə düçar edəcək Böyük depressiya başlayıb.

 

1861-ci ildə ABŞ prezidenti Avraam Linkoln Kaliforniyadan tarixdə ilk teleqraf məlumatı alıb. 1857-ci ildə İngiltərənin Şeffild şəhərində ilk futbol klubu yaradılıb.

 

25 oktyabr. Qubadlı rayonu işğaldan azad edilib

 

Rayonların işğal tarixini qeyd etməkdən rayonların azadolunma tarixlərini qeyd etməyə keçid çox qürurvericidir, deyilmi? Bu gün də Qubadlının işğaldan azad edilməsi günüdür. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir: Azərbaycanın xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər, akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, xalq yazıçısı Süleyman Rəhimov, 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı...  Azərbaycanın cənub-qərbində yerləşən,  802 kvadratmetr əraziyə malik olan Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı kənd təsərrüfatı rayonudur. Rayon Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri dəniz səvviyəsindən 2003 metr yüksəklikdə yerləşən Torağac yüksəkliyidir. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın rayonu, Hadrut qəsəbəsi, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıbdır. Qubadlı torpağının tarixi uludur. Onun adı dörd əsr bundan əvvəl yaranıb, Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır. Burada çox qiymətli tarixi abidələr var. Gavur dərəsindəki mağara ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara ibadətgah, Xocamsalı kəndindəki qala, Seytas kəndindəki Anabat, Oğlan-qız qayası, Sınıq körpü və digər bu sayaq abidələr ululuq və qədimlik salnaməsidir.

 

1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonu 238 nəfər şəhid verib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31- də erməni təcavüzkarlarının işğalına məruz qalmışdı. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, 31 mindən çox əhali yurd-yuvasından didərgin düşmüşdü. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdi. Rayonda 13.2 min hektar meşə sahəsi var idi, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınmışdı. 2020-ci il 25 oktyabr tarixində Qubadlının Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edildi. Yaşasın Azərbaycan ordusu!

 

25 oktyabr. Tanınmış aktrisa Nəcibə Məlikovanın 100 illiyi

 

Sizdən soruşsalar ki, Azərbaycanda televiziya fəaliyyətə başlayanda ilk olaraq tamaşaçılar hansı simanı görüblər, onda nə cavabı verərsiniz? Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabr ayının 25-də Bakının Buzovna kəndində anadan olub. Uşaqlıqda həkim olmaq istəsə də dayısı Ruhulla Axundovun “xalq düşməni” elan edilməsi səbəbindən çox qapılar üzünə bağlanıb. Qadağa yalnız aktyorluq sənətinə aid edilmədiyindən 1940-cı ildə Bakı Teatr Texnikumuna daxil olub, xalq artisti Fatma Qədrinin sinfində dərs alıb. 1943-cü ildə oranı bitirib, Gəncə Dövlət Dram Teatrında bir qədər işləyəndən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr İnstitutunda da təhsil alıb. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Firəngiz, “Pəri cadu” da Şamama, “Sevil”də Edilya, “Vaqif”də Xuraman, “Əliqulu evlə­nir”də Yasəmən kimi yaddaqalan obrazlar yaradıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

 

Nəcibə Məlikovanın adını tarixə yazan daha bir fakt var. 14 fevral 1956-cı ildə Bakı televiziya studiyası fəaliyyət göstərməyə başlayanda ilk veriliş günü ekranda Nəcibə Məlikova görünüb, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayan aktrisa tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. İstedadlı aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1 iyun 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.

 

25 oktyabr. Dünyaşöhrətli rəssam Pablo Pikassonun 140 illiyi

 

Yox, Pikasso fransız deyil, ispandır, o, 1881-ci il oktyabr ayının 25-də İspaniyanın Malaqa şəhərində anadan olub. Pablo Pikasso rəssamlığı atası X.Ruisdən öyrənib. Təhsilini artırmaq üçün La-Korunya, Barselona və Madrid şəhərlərində Zərif sənətlər məktəbində oxuyub, 1904-cü ildən isə Parisdə yaşayıb. Yaratdığı əsərlərdə realizmin zəngin və rəngarəng qaynaqlarına əsaslanan Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və eyni zamanda çoxcəhətli olub. Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə o, həm ekspressionizm, həm neoklassizm, həm kubizm, həm sürrealizm cərəyanlarına istinad edib. Pikasso yaradıcılığı əsasən iki dövrə - “mavi” və “çəhrayı” dövrlərə ayrılır. “Mavi dövr” (1901-1904) tablolarında rəssam əsasən mavi, göy, yaşıl rəng çalarlarından, “Çəhrayı dövr” (1905-1906) tablolarında isə çəhrayı qızılı, çəhrayı-boz koloritdən istifadə edib Bu əsərlərdə cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşılaşan insanların psixoloji aləmi təsvir olunurdu. “Dilənçi qoca oğlan ilə” (1903), “Şar üstündə dayanmış qız” (1905) kimi əsərlərində zavallı insanların həyatına xas olan tənhalıq motivləri əsas yer tuturdu. 1910-cu ildən başlayaraq Pikasso neoklassizm və realizm üslubunda yaratdığı əsərlərdə lirik motivlərə geniş yer verməyə başlayıb. “Üç qadın bulaq başında”, “Ana və Körpə” əsərləri bu üslubda işlənən əsərlərdir. Pikasso İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatına qoşulub, müharibədən sonrakı illərdə isə daim sülh və demokratiya uğrunda mübarizə aparıb. Onun mütərəqqi, humanist görüşləri əsərlərində də öz əksini tapıb. “Gernika”, “Sülh”, “Müharibə” əsərləri sülh uğrunda mübarizə rəmzinə çevrilib. Onun ən məşhur əsəri isə 1947-ci ildə şəkdiyi, bütün dünyada sülhü tərənnüm edən “Sülh göyərçini”  taplosudur.

 

Pikasso kommunist meyillərinə də uymuşdur, SSRİ-yə səfər etmişdir. Mürəkkəb yaradıcılıq yolu keçmiş rəssam 1950-ci ildə “Beynəlxalq Sülh mükafatı”, 1962-ci ildə “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” Lenin mükafatı laureatı olmuşdur.

 

Pablo Pikasso 1973-cü il aprel ayının 8-də Fransanın Mujen şəhərində vəfat etmişdir. Madriddə Pikassonun abidəsi və adına meydan vardır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısındadır.

 

25 oktyabr. Ümumdünya opera günü

 

İncəsənətin ən kübar növlərindən biri olan opera günü elə bir gündür ki, həmin gün opera truppaları peşəkar və həvəskar operasevərlərlə birgə bu incəsənət növününü ən qiymətli məziyyətlərinə önəm verirlər. Bu gününü qeyd edilməsi  bir informasiya kampaniyasının təşkil edilməsidir ki, cəmiyyətin opera barədə bilgilərini artırmağa hesablanır. Bu günün təqvimə salınması təşəbbüskarları Opera America və Opera Europa təsisatlarıdır. Bəs niyə 25 oktyabr? Çünki bu gün dünyada ən məşhur opera və operettaların müəllifləri olan iki dahi bəstəkarın – Jorj Bizenin və İohann Ştrausun doğum günləridir. Opera italyan dilində iş, məşğuliyyət anlamı verir. Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. 1480-ci ildə səhnəyə çıxan Beverininin "Müqəddəs Pavelin dönməsi" ruhani tamaşası tarixin ilk operası sayılır. Azərbaycanda isə opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq-müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulub.

 

Bu gün gərək mütləq Opera və Balet Teatrına baş çəkək.

 

25 oktyabr. Ümumdünya makaron günü

 

Bayramınız mübarək, makaronsevərlər. Ümumdünya Makaron Məmulatları Assosiasiyası 1995-ci ildən bu günü təqvimə salmağa müvəffəq olub, dünyanın az qala hər yerində bu un məmulatını sevirlər, italyanlar isə nəinki makaronu sevirlər, hətta spaqetti deyə əzizləyə-əzizləyə ona abidə də qoyublar. Makaronu kəşf edən çinlilər olsa da onu dünyaca məşhur edən italyanlar olublar. Bir təsəvvür edin, duru tomat sousunda, hisdə qurudulmuş qızartma kolbasa dilimləri, qara zeytun və göbələklə italyansayağı bişirilmiş spaqetti, yaxud, toyuq əti ilə ağ sarımsaq sousunda dadından doymaq olmayan fettuçini. Ya da rusların donanmasayağı bişirilmiş makaronları. Yaxud azərbaycansayağı – üzərinə ya kotlet, ya da ət qoyulmuş azacıq sousda makaron qaynatması. Bu gün bir sıra ölkələrdə restoranlar müxtəlif makaron yeməkləri təklif edəcəklər. Təsəvvür edin ki, 600 cür makaron növü var. Adlarına baxaqmı? Spaqetti şnur şəklində, vermişil balaca qurd çəklində, fuzilli kəndir çəklində, konçilyi balıqqulağı şəklində, penne lələk çəklində, kapellini nazik saç çəklində, rotini spiral şəklində olur. Bu gün makaronun bayramıdır. Mənsə bu bayram günündə uşaqlığımı xatırlayıb “Stremyanka və makaron” cizgi filminə baxacağam. Çünki makaron yeməkdən əsla xoşum gəlmir.

 

25 oktyabr. Beynəlxalq məktəbli kitabxanaları günü

 

YUNESKO-nun təklifi ilə qeyd edilən bu gün insanda necə nostalji hisslər oyadır. Məktəb illəri yada düşür, məktəbin özünəməxsus toz və kif qarışıq qoxusu olan kitabxanası üçün darıxırsan. Yadımdadır, sinif qızları sevgi seirlərini, melodramları tələb edərdilər, oğlanlar “Min bir gecə” kitabından ötrü sinov gedərdi. Amma o kitabı gördüm deyən olmazdı, nə vaxt istəyərdin, kitabxanaçı “əldədir” deyərdi. Mənim ən çox marağımı cəlb edən “Vokruq sveta” dərgiləri idi, hər dəfə macal tapanda gedib ilbəil “podşivkaları” qarşıma qoyar, dünyanın ən ucqar, ekzotik, sirli ölkələri barədə məlumatlar əldə edərdim.

 

Çox təəssüf ki, müasir dünyamızda kitabxanalar get-gedə arxaikləşirlər. İndi şagirlər üçün mobil telefon hər bir şeyi əvəzləyir.

 

25 oktyabr. Görkəmli general Mustafa Nəsirovun 100 illiyi

 

Hərb tariximizdə xüsusi yer tutan şəxslərdən biri də Mustafa Cəfər oğlu Nəsirovdur, 1921-ci il oktyabr ayının 25-də Dərbənd şəhərində anadan olan həmyerlimiz hərbi təhsil alan kimi SSRİ üzrə bir çox yerlərdə yüksək hərbi vəzifələr daşımışdır. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsini daşımış, 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuş, 1952-ci ilin sentyabrından Azərbaycan sərhəd dairəsinin Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi, 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olmuş, 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. 1968-ci ilin oktyabr ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandan müavini təyin olunmuşdur. 1972-ci ilin dekabrından SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini olmuşdur. 1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. M.Nəsirov 1963-71-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1975-95-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir. 1990-1995- ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə onun daimi komissiyasının sədri olmuşdur. O, “Qırmızı Bayraq” (1967), “Qırmızı Əmək Bayrağı” (1977) və “Vətən müharibəsi” (1985) ordenləri ilə təltif olunmuşdur. Ona Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” (1984), “Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı” (1980), eləcə də “Dərbənd şəhərinin fəxri vətəndaşı” (1996) fəxri adları verilmişdir. General-mayor ali hərbi rütbəsinə qədər yüksələn M. Nəsirov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

 

Mustafa Nəsirov uzun ömür yaşamış, 27 may 2012-ci ildə 91 yaşında Bakıda vəfat etmişdir. Haqqında “General Nəsirov” adlı film çəkilmiş, 2012-ci ildə “Ölməzlik” kitabı yazılmışdır. Ruhu şad olsun!

 

26 oktyabr. Avstriyanın milli bayramı

 

Planetin ən xoşbəxt və qayğısıs əhalisi zümrəsinə avstriyalılar da daxildilər, vaxtı ilə hərb tarixində əsas rol oynayan bu dövlət 1955-ci ilin 26 oktyabrında tam neytral mövqü tutacağını elan edərək bundan sonra yalnız quruculuqla, əhalisinin rifahı ilə məşğul olacağını bəyan elədi. Ölkə ərazisində 2-ci dünya müharibəsindən sonra lövbər salmış SSRİ, ABŞ, Britaniya və Fransa qoşunları dərhal ölkədən çıxarıldı. Neytralitet Avstriyanın Konstitusiyasına da salındı. Təsəvvür edin ki, dörd ətrafda Avstriya yeganə dövlətdir ki, NATO üzvü deyil. Milli bayram da məhz bu tarixi özündə ehtiva edir. 

 

Avstriyanın böyük hissəsi ərazicə dağlardan ibarətdir, Alp dağı əzəldən bu ölkəyə qucaq açıb. Əhalinin dörddə biri paytaxtda – Vyanada yaşayır. Milli bayram günündə bütün ölkə boyu Avstriya bayraqları dalğalanır. Yeri gəlmişkən, Avstriya bayrağı dünyanın ən qədim bayraqlarından hesab edilir. Əfsanəyə görə, 1191-ci ildə Hersoq V Leopold döyüş zamanı yaralanır, onun ağ libası qanına bələnir. Yalnız kəmər yeri ağ qaldığından, üzərində ağ zolaq olan al qırmızı libas bayraq rəmzinə çevrilir.

 

Avstriyanın ən məşhur yerləri dünyaca şöhrətli Vyana Dövlət Operasıdır, dünya musiqisi korifeyi hesab edilən hər kəs mütləq burada konsert verir. Buradakı Kriml şəlaləsi Avropadakı ən hündür şəlalədir, su 380 metr yüksəklikdən tökülür. 1752-ci ildə salınmış Şönbrunn zooparkı dünyanın ən qədim zooparklarından hesab edilir. Zalsburq şəhərində isə dünyanın ən birinci açılmış oteli fəaliyyət göstərir, Sankt Peter Bezirk adlı bu otel 1218 il bundan əvvəl – 803-cü ildə rəsmən açılıb.

 

Milli bayramda Heldenplatsda – Qəhrəmanlar meydanında rəsmi dövlət mərasimi keçirilir. Ölkə başçısı, yüksək ranqlı məmurlar mərasimə qatılır, kilsədə ibadət edir, Mərkəzi qəbristanlıqdakı memorial kompleksdə naməlum əsgərin məzarı önünə əklillər qoyurlar. Maraqlı bir faktı deyim ki, bu qəbristanlıqda 2,5 milyon insan uyuyur, şəhər əhalisindən xeyli çox. Vyana qəbristanlığı bu cəhətdən dünyada yeganə qəbristanlıqdır. Bayram günü Nazirlər Soveti iclas keçirir, əsgərliyə yeni gedənlər hərbi and içirlər. Ən möhtəşəm tədbir Vyana Dövlət Operası binasında olur. Avstriya opera ölkəsi kimi tanınır axı. Klassik musiqinin dörd nəhəngi - Motsart, Haydn, Şubert və Ştraus avstriyalı olublar, Bethoven isə ömrünün böyük hissəsini burada yaşayıb. Hətta ən məşhur avstriyalı olan, Kaliforniya qubernatoru  Arnold Şvarsenegger də çalışır hər il 26 oktyabrı Vyanada keçirsin.

 

Bayram günü ölkə əhalisi müxtəlif mədəni və idman tədbirlərinə qatılır, sağlam həyat tərzinə çağırış məqsədi ilə fitnes-marşlar təşkil olunur. Xarici ölkələrdəki səfirliklər də oradakı avstriyalıları başlarına toplayıb bayram törəni keçirirlər. Bir sözlə, eyni zamanda şəhər mərkəzində 100000 insan bayram edir.

 

Avstriyanın neytrallığa belə meyl etməsi, müharibəyə qarşı bu qədər nifrətə sahib olmasının bir köklü səbəbi də var, bəşər tarixində ən çox can almış, ən qəddar müharibə olan 2-ci dünya müharibəsində Avstriya təcavüzkar ampluasında çıxış edib. Bundan da başqa, tarixin ən qanlı siması olan Adolf Hitler də avstriyalı olub, o, 1938-ci ilin 15 martında məhz Heldenplatsdakı  Yeni qəsrin eyvanından 3-cü Reyxin fəaliyyətə başlamasını elan edib.

 

26 oktyabr. Nəsli kəsilən naurulular

 

Bu gün Nauruda Anqama günü qeyd edilir. Okeaniyada yerləşən bu cırtdan dövlət təhlükə ilə üz-üzədir. Yür üzündən silinməkdə olan nauru xalqı hazırda cəmi 1500 nəfərdən ibarətdir, məqsəd bu xalqı qorumaqdır. Tunisdə mühəndislik, Liviyada İtaliya müstəmləkəçilərinin qurbanlarının xatirəsi, Hindistanda Kəşmir əyaləti ilə birləşmə, Benində silahlı qüvvələr, Amerikada isə ət farşı ilə piroq günüdür.

 

1938-ci ildə Du Pont firması yeni sintetik materialın – neylonun təqdimatını edib. 1900-cü ildə Nyu-Yorkda metropolitenin ilk xətti aşılıb. 1863-cü ildə Londonda İngiltərə Futbol Assosiasiyası yaradılıb. 1861-ci ildə alman ixtiraçısı Filipp Reys Frankfurtda telefon adlı kəşfini üzə çıxarıb. 1636-cı ildə Harvard kollecinin açılışı olub.

 

26 oktyabrda Hillari Klinton (1947) və Fransua Mitteran (1916) kimi siyasi xadimlər dünyaya gəlmişlər, “Pinokkio” nağılının müəllifi, italyan yazıçı Karlo Koloddi isə dünyasını dəyişmişdir (1890).

 

26 oktyabr. Məşhur Neftçi Qurbanın 95 illiyi

 

Bu adam ölkəmizdə sosializm kultunun təbliğ etdiyi ən məşhur simalardan olub. Qurban Abasqulu oğlu Abbasov 1926-cı il oktyabr ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə Artyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləmişdir. Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun (indi ADNSU) neft-mədən fakültəsini bitirmişdir. 1951-ci ildə Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülmüşdür. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunub, hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olmuşdur. Q, Abbasov 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilmiş, ömrünün sonunadək yüksək vəzifələr daşımışdır. Son vəzifəsi Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifəsi olmuşdur.

 

O, 4 dəfə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Neftçi Qurban əmək fəaliyyətinin 50 illik yubileyi münasibətilə Azərbaycanın ən yüksək mükafatı – Şöhrət ordeni ilə təltif olunmuş və bu adı alan ilk neftçi olmuşdur. Qurban Abbasov 1994-cü il sentyabr ayının 14-də Bakı şəhərində vəfat etmişdir. Onun adının əbədiləşdirilməsi məqsədi ilə Titan-2 üzən kranına, Bakı Şəhəri 288 nömrəli tam orta məktəbə Neftçi Qurbanın adı verilmişdir. Lökbatan qəsəbəsində onun adına mədə­niyyət sаrаyı, küçə, məktəb, körpü, Bayıl qəsəbəsində küçə vardır. Tələbə və аspirаntlаr üçün “Nеftçi Qurbаn” təqаüdü təsis еdilmişdir. Bəstəkаr А.Rzаyеvаnın məşhur “Nеftçi Qurbаn” mаhnısı оnа həsr оlun­muşdur. 1970-ci ildə onun həyatından bəhs edən “Neftçi Qurban” filmi çəkil­mişdir. Ruhu şad olsun!

 

27 oktyabr. Ümumdünya audiovizual irsiyyət günü

 

World Day for Audiovisual Heritage. Bu günün məğzi odur ki, keçmiş barədə xatirələri qoruyub saxlamağın necə vacib olmasını hamı bilsin. Əgər əvvəllər keçmiş barədə informasiyanı insanlar yazılı şəkildə qoruyub saxlayır, nəsildən-nəsilə çatdırırdılarsa hazırkı texniki tərəqqi əsrində bunu yeni, unikal vasitələrlə edirlər, bu vasitə rəqəmsal texnologiyalardır. Bu epoxanın əvvəlində isə ilk səsyazma qurğusunun – fonoavtoqrafın kəşfi dayanır ki, bu kəşf də 1857-ci ilə aiddir. Sonradan qrammafon, fonoqraf, patefon, elektrofon yaranıb. Eşitmə cihazlarından görmə cihazlarına keçid isə inkişafın pikindən xəbər verib. Video qurğular tarixi yaddaşı görüntülü çəkildə daşımağa yardımçı olmaqla bəşər irsinin qorunub saxlanılması yolunda əsl inqilab sayılıblar.

 

27 oktyabr. Beynəlxalq qaynanalar günü

 

Bizim qaynana barədə ən gözəl sözümüz rəhmətlik Nəsibə Zeynalovanın canlandırdığı obrazla deyilib. Sanki bu qaynana bütün qaynanalarımızın simvoluna, ümumiləşdirilmiş obrazına çevrilib. Amma orta statistik azərbaycanlı kişisi qaynanasevən olur, orta statistik azərbaycanlı qadınından fərlənir bu cəhətdən. Gəlin bir ağızdan qaynanaları təbrik edək. Və sizi inandırım ki, həqiqətən Bakıda Olimpiya stadionuna 100 min insan doldurub futbol matçı keçirərkən fasilədə “kimin cibində qaynanasının şəkli varsa ona maşın hədiyyə ediləcək” elanı verilsə, təşkilatçılar bankrot olarlar, çünki azı 200-300 azərbaycanlı mobil telefonundakı rəsm albomundan qaynanası ilə şəkdirdiyi  silsilə şəkillərini üzə çıxarıb maşına iddia ortaya qoya bilər.

 

27 oktyabr. Türkmənistanda pitbul saxlamazlar

 

Bu gün əmək terapiyası günüdür. Məğzi nədir? İş yerlərində sağlam atmosfer yaratmaq. Pitbulları tanımaq günüdür. Bu qorxunc itləri tanısaq nə olar, tanımasaq nə olar? Deyək ki, onlar iki yerə bölünürlər, teryer tipi və buldoq tipi. Buddanın enməsi günü. Deyilənə görə, Budda məhz 27 oktyabrda daş-qaşla bəzənmiş üç pilləli pilləkənla aşağı – insanların içinə enmişdir. Yunanlar bayraq gününü, əlcəzairlər isə ağacəkmə gününü qeyd edirlər. Dünyanın ən totalitar ölkələri reytinqində liderlərdən biri olan Türkmənistan bu gün müstəqillik gününü qeyd edir. Sent-Vinsent də həmçinin. Böyük Britaniyada keçirilən gün daha ibrətamizdir: Qara pişiyə minnətdarlıq günü. Konqoda 3 Zair günüdür. Bəs bu nə deməkdir? Konqonun qabaqkı adı Zair olub, 3 Zair deyəndə ölkə, onun pul vahidi və Zair çayı nəzərdə tutulur. Əlbəttə ki, sualınızı eşidirəm, soruşursunuz bəs Amerikada bu gün hansı mətbəx bayramı qeyd ediləcək? Düz buyurursunuz, bugün onlarda növbəti mətbəx günüdür, Amerika Pivəsi Günü. Amerikalılar bəs deyincəyə qədər bu gün pivə içəsidirlər.

 

1984-cü ildə Baykal-Amur magistralı tikintisinə başlayıblar.  1982-ci ildə Çinin əhalisi 1 milyarda çatıb. 1858-ci ildə məşhur Teodor Ruzvelt – 26-cı ABŞ prezidenti doğulub. 1855-ci ildə rus bioloq İvan Miçurun, 1811-ci ildə məşhur Zinger tikiş maşınının sahibi Ayzek Zinger, 1728-ci ildə isə məşhur ingilis səyyahı Ceyms Kuk doğulublar.