“Euronews” kanalında Azərbaycan mədəniyyətinin təbliği davam edir


Bildiyiniz kimi, oktyabrın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi çərçivəsində onun əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı. Nizami Gəncəvi” audiovizual festivalının açılışı baş tutdu.
Bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən festivalın “Euronews” telekanalında işıqlandırılması təmin edilib.
Qeyd edək ki, işıq festivalı cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.
Festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.