Varlıları ağladan Veronika Kastronun günü

 

19 oktyabra təsadüf edən əlamətdar hadisələri qeyd edirik:

 

19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü

 

Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.

 

Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:

 

Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;

 

-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?

 

Deyir, Sidorovam.

 

-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?

 

-Məgər bu yaşamaqdır?

 

19 oktyabr. Napoleonun qara günü

 

Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.

 

1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.

 

19 oktyabr. Veronika Kastro günü

 

Veronika Kastro kimdir? Meksika aktrisası, müğınniisi, teleaparıcısı. Dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki, kmişilərinin sevimlisi. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.

 

1952-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Amma sonradan daha sivil parıldama yolunu seçdi. Marianna rolunu oynadığı  “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrildi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. On minlərlə pərəstişkarı başına toplaşmışdı.

 

Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından