Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başlamış, 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verilmiş və Sovetlər Birliyi dünya xəritəsindən silinmişdir. Digər müttəfiq respublikalar kimi, həmin il oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etmiş və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olmuşdur.

 

Gəlin tarixi xatırlayaq. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri - ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, 1991-ci il dekabrın 11-də Rumıniya, 1991-ci il dekabrın 13-də Pakistan, 1991-ci il dekabrın 23-də İsveçrə, 1991-ci il dekabrın 25-də İran, 1992-ci il yanvarın 23-də ABŞ, 1992-ci il aprelin 10-da Rusiya və b. dövlətlər tanıdılar. 2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlanıldı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.