Qənirə Paşayevadan Bakının qədim tarixinə diqqət

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının ensiklopedik toplusu xarakterli layihənin tərtibatçı-müəllifi Sevda Rəsulova ilə görüşmüşdür.
 Q. Paşayeva Komitədə keçirilən görüşdə dövlətimizin paytaxtı olan qədim Bakının tarixi, zəngin mədəniyyəti, məişəti, iqlimi, o cümlədən demoqrafiyası barədə materialları, həmçinin arxiv sənədlərini özündə əks etdirən “Daş ilməli şəhərim” 10 cildliyinin  “İçərişəhər mətbuatda” adlı ilk əlyazması ilə tanış olmuş, uzun illərin gərgin əməyi nəticəsi olan bu araşdırmaları yüksək dəyərləndirmişdir.
O, elmi axtarışların nəticəsi olan topluya görə tərtibatçı-müəllifə təşəkkürünü bildirmişdir: “Hesab edirəm ki, qədim Bakının, ayrıca olaraq, İçərişəhər və Abşeron kəndlərinin tarixinə həsr olunmuş bu elmi-publisistik toplu geniş araşdırmaçı və sıravi oxucu marağına səbəb olmaqla yanaşı, həm də gələcək nəsillər üçün  masaüstü kitaba çevriləcəkdir”.
Doğma dilimizdə nəşri baş tutandan sonra toplunun rus və ingilis dillərinə tərcüməsininin zəruriliyini vurğulayan Q.Paşayeva “Bakıda erməni faktoru” və “Beynəlmiləlçi Bakı” fəsillərinin daxil edildiyi cildlər üzərində xüsusi dayanaraq bu mənbələrin Azərbaycan və onun paytaxtı olan əsrarəngiz Bakı ilə maraqlananlar üçün əsl məlumat bazası rolunu oynayacağını bildirmişdir.