Rus yazıçısı Stanislav Lipatov Stalin Muzeyini yaratdı - bu, çox qorxulu tendensiyadır Featured

 

Bir müddət öncə - 2 avqust 2021-ci ildə Omsk şəhərində Stalin Muzeyi yaradıldı. Dekabrın 18-də İş adamları klubunda muzeyin təqdimatı keçirildi. Layihənin təşəbbüskarı və təsisçisi – Stanislav Petroviç Lipatovdur, yazıçıdır, Beynəlmiləl Yazıçılar İttifaqının üzvüdür, üstəlik, kazak general-mayoru, Elm və incəsənət üzrə Petrovsk Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının müxbir üzvüdür.

“Ədəbiyyat və incəsənət” portalı Beynəlmiləl Yazıçılar İttifaqının rəsmi saytına istinadən məlumat verir ki, fevralın 13-də media mənsubları ilə görüş keçirən Stanislav Lipatov Böyük Vətən müharibəsinə həsr olunmuş tarixi-publisistik işlərin müəllifidir. Muzeyində Stalinin əsərlərinin toplusu, plakatlar, barelyeflər, portretlər və kiçik heykəllər yer alıb. 

Hal-hazırda muzey Omskda, Böyük oktyabrın 10 illiyi küçəsində, 136 kvm sahəsi olan ərazidə yerləşir. Muzeyin "muzey-Stalin.RF" saytı da yaradılıb. 

Stanislav Lipatov media vasitəsi ilə muzeyin taleyi ilə maraqlanan hər kəsə müraciət edib ki, mükafatlar, orden-medallar, nişanlar, fotoşəkillər, rəsm işləri, sertifikatlar, diplomlar, sənədlər, açıqcalar, qəzet-jurnallar, kitablar - bir sözlə, Stalin dövrünə aid istənilən bir nəsnə verməklə hər bir kəs Vətən naminə,  “xalqlar atası” Stalin naminə Rusiyaya fayda verə bilər. 

Stalin Lipatovun tədqiqatlarında Rusiyanı ürəkdən sevən görkəmli şəxsiyyət, lider kimi görünür. Üstəlik, SSRİ-ni qorxunc faşizm dövründə qoruyub saxlayan, dəmir yumruğu ilə Rusiyadan qopmağa çalışan xalqlara dərs verən bir başçıdır. Lipatov Rusiya hakimiyyətini Stalin ideyalarına sadiq olmağa, imperiyanı bərpa etməyə çağırır, bir sözlə. 

Əsərlərinə görə dəfələrlə ədəbi mükafatlara layiq görülməsi,  Muzeyinin Rusiya Federasiyasının İctimai Mükafatlar Şurası rəyasət heyətinin qərarına əsasən I dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi Rusiyanın ədəbi və siyasi dairələrinin Lipatovun velikorus şovinizminə söykənən imperialist ambisiyalarına şərik çıxmalarından xəbər verir.

Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır. 

Dağlıq Qarabağda sülhməramlı kimi yerləşdikdən sonra orada torpağın qanuni sahibi kimi davranan, Krımı və Donbası ələ keçirərək bütün Ukraynanı işğalla qorxudan, Gürcüstandan, Moldovadan ərazilər qoparan rus əsgəri bu gün Lipatovkimilərinin yazdıqları ədəbiyyatla, Jirinovskikimilərinin təlqin etdiyi siyasətlə təlimatlandırılır. 

Gerçəkdən, narahatedici məqamdır.