Moskvada keçiriləcək uşaq rəsm və bədii qiraət müsabiqəsində Azərbaycan da təmsil olunacaq

 

Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası bu ilin mart ayında ənənəvi uşaq kitabı həftəsi təşkil edəcək. Kitab həftəsinin əsas məqsədi uşaq və gənclər arasında mütaliəyə marağı daha da artırmaq, onların mütaliə vərdişlərini inkişaf etdirməkdir.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları müsabiqədə iştirak edəcəklər.

Uşaq kitabı həftəsi çərçivəsində uşaq rəsm müsabiqəsi də təşkil olunacaq. Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına təqdim olunan 10 ən yaxşı rəsm Moskvada keçirilən müsabiqəyə göndəriləcək. Münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən 60 ən yaxşı rəsm nəşr olunan albomda yerləşdiriləcək. Qaliblər diplom və albomla təltif olunacaqlar.

Rəsm müsabiqəsinə 2022-ci ildə yubileyləri qeyd olunan yazıçıların əsərlərinin motivlərinə çəkilmiş şəkillər də təqdim ediləcək. Onların arasında Conatan Svift, Luis Kerrol, Alen Aleksandr Miln, Konstantin Paustovski, İvan Yefremov, Veniamin Kaverin, Astrid Lindqren, Eduard Uspenski vardır.

Qeyd edək ki, şəkillər A4 və yaxud A3 formatında rəng və ya karandaşla vatman kağızında çəkilməlidir. Şəkillər və videoçəkilişlər martın birinədək Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına təqdim edilməlidir.