Məti Osmanoğlu, Umberto Eko və Uzun Həsən Featured

Yanvarın 5-nin təqvimi Varisin təqdimatında

 

Beynəlxalq Yükdənazadolma Günü

Çox maraqlı bir gündür. Təqvimə belə bir bayram salmaqda məqsəd insanlara məhz bu gün – Xristian xalqlarının Milad və Yeni il bayramlarını qeyd etməkdə olduğu, yeyib-içdiyi, müsəlmanların da gərgin siyasi-iqtisadi proseslərlə məşğul olduğu bir zamanda özlərini həm mərasimlərdən, həm qayğılardan qoparıb cisimlərinə və ruhlarına azadlıq və rahatlıq verməyə səsləyir. Bu günün bir özəlliyi də dietoloji tərəfidir, bayram yeyib-içmələrində bol gərginliyə düşmüş, əziyyətə qatlaşmış mədəyə rahatlıq vermək tələb olunur. Nəyi pisdir ki? Biz də Yeni il keçirmişik, çoxu hələ də bayram süfrəsini yığışdırmır, üstünə hər gün yeni təamlar düzür. Bu gün mədəmizə dinclik verə bilərik, yüngül qidalarla qidalana bilərik ən azı. Üstəlik, təbiətə çıxıb asudə nəfəs almaq da olar.

Kim keksi daha uzağa atar?

Müxtəlif ölkələrdə bu gün çox maraqlı, əyləncəli, məzəli bayramlar keçiriləcək. Məsələn, Xristian dünyası Miladın on ikinci günü və gecəsi adlı bayramında yenidən şənlənəcək. Yaponiyada Çiyələk günüdür. Çiyələk alıb yemək trenddə olacaq. Böyük Britaniyada Kolbasa günüdür, Klitero və Lankaşir əyalətlərində kolbasa festivalları keçiriləcək. Serbiya və Çernoqoriya bu gündən etibarən 3 günlük Tusindan bayramını qeyd edəcək, Tusindan bu iki xalqın Milad bayramıdır. Amerikada isə Fruitcake Toss bayramıdır, 1995-ci ildən keçirilən bu bayram bizim dildə Keksi uzağa atma bayramı adlanır, iraq bərəkətindən, amerikalılar keksi uzağa atmaq üzrə yarışır, qalıbləri müəyyənləşdirirlər. Əlbəttə, adətən il boyu mətbəx bayramı keçirən qərblilərin bu bayramında mətbəx atributu yeyilmir, atılırsa, onda buna qeyri-mətbəx bayramı deyə bilərsiniz. Elə bu yerdəcə elan edirəm ki, xeyir, düşünməyin ki, amerikalılar mətbəx bayramı olmadan keçinə bilərlər. Bu gün ABŞ xalqı Milli çalınmış qaymaq gününü də qeyd edəcək. 

Eysebio, Maks Born və Dubçek

2014-cü ilin bu 5 yanvar günündə dünya futbolu “Qara pantera” təxəllüslü, iki dəfə Qızıl Buts almış portuqaliyalı ulduz Eysebionu itirib. 2011-ci ilin bu günündə dünyadakı internet istifadəçilərinin rəsmi sayı 2 milyard nəfərə çatıb. 1997-ci ilin bu günündə Rusiya Çeçenistan ərazisindən qoşunlarını çıxarmaqla rus-çeçen müharibəsinə xitam verib. 1970-ci ildə dünyaşöhrətli alman fiziki Maks Born vəfat edib, o şəxs ki, kvant mexanikasının atası hesab edilir, Nobel mükafatı laureatıdır. 1968-ci ilin bu günündə Çexiyada hakimiyyətə Aleksandr  Dubçek gətirilib, məhz o “Praqa baharı”nın əsasını qoyub. Bildiyiniz kimi, çexlər sovet (əslində rus) işğalına  qarşı çıxıblar, ruslar da qoşun yeridib üsyanı qan gölündə batırıblar.

1958-ci ilin 5 yanvarında Qazaxda Azərbaycan ədəbiyyatşünaslığında və jurnalistikasında əhəmiyyətli yerə malik Məti Osmanoğlu dünyaya gəlib. Azərbaycanın milli təfəkkürünün formalaşmasında böyük rol oynamış “Gənclik” jurnalında yaranışından fəaliyyət göstərən, Azərbaycanın ən böyük aydınlarından olan Aydın Məmmədova çiyindaşlıq edən, “Yol” kimi yaddaşlarda daim qalan bir mətbu orqanın baş redaktoru olan, Azərbaycan Televiziyası tarixində “Dövrə” adlanan ilk tok-şounun müəllifi sayılan, Bakı Dövlət Universitetində dosent olaraq nə qədər tələbəyə özəl dünyagörüşü, elmə fəqrli yanaşma aşılayan bu fədakar insanı səmimi qəlbdən təbrik edirik. 

1950-ci ildə Ağdamda akademik, uzun illər BDU-ya rektorluq etmiş Abel Məhərrəmov doğulub. Düzdür, təyyarədə şərab olayından sonra Abel müəllimin adını tarixdən silməyə müvəffəq olublar, amma gəlin biz qədirbilənlik nümayiş etdirib akademikimizin adını çəkək. 

1932-ci ildə postmodern ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur “Qızılgülün adı” romanının müəllifi, italyan yazıçı Umberto Eko dünyaya gəlib. 1919-cu ilin bu günündə Münhendə Alman fəhlə partiyasının yaranışı elan edilib, bir il sonra partiya adını dəyişib Nasional-sosialist adını alıb, bəli bu, həmin o Adolf Hitlerin başçılıq etdiyi faşist partiyasıdır. 1895-ci ildə Rentgen şüaları kəşf edilib. 1855-ci ildə Kinq Jillet doğulub, həmin o jillet lezvalarını kəşf edən adam. 

Və ən nəhayət, 1478-ci ilin 5 yanvarında Təbrizdə Azərbaycan tarixinin ən böyük hökmdarlarından-dövlət xadimlərindən, ən qüdrətli sərkərdələrindən biri olan, indiki İranın, İraqın, Türkiyənin, Suriyanın və Cənubi Qafqazın böyük ərazilərində Ağqoyunlu dövlətini qurmuş Uzun Həsən vəfat edib. Üstündən 544 il ötsə belə yenə də gəlin, Allah rəhmət eləsin, ruhu şad olsun deyək ona.

Tarixi nə qədər dəyişsələr, təhrif etsələr, saxtalaşdırsalar belə təhrif edənlər, dəyişən və saxtalaşdıranlar özləri yox olandan sonra əsl tarix mütləq öz yerini alır.