2022-yə adlaya bilməyən 22 məşhurumuz Featured

Yola salmaqda olduğumuz 2021-ci il çox sayda məşhurumuzu dünyadan aparmaqla da yadda qalıb. Gəlin onların 22-sini xatırlayaq, “Allah rəhmət eləsin” deyək.

4 yanvar

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli 60 yaşında dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan estradasındakı onlarla mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

 

22 fevral

Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar” mahnısı olub. Yalçın Rzazadə 74 yaşında vəfat edib.

 

20 mart

Yazıçı Azər Abdulla kəskin pnevmoniyadan dünyasını dəyişib. Qərbi Azərbaycanda dünyaya gələn Azər Abdulla şeir, hekayə və publisistik yazıları ilə tanınırdı. O, Xırdalan qəbristanlığında dəfn edilib.

 

21 mart

Xalq artisti Ramiz Məmmədov vəfat edib. “Yaşıl eynəkli adam” tamaşası, “Alma almaya bənzər”, “Yol əhvalatı” filmləri ilə tamaşaçı ürəyinə yol tapan aktyor 70 il ömür sürüb. Onun ölümünə səbəb xərçəng olub.

 

5 aprel

Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə "Əməkdar artist”, 2014-cü ildə "Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.

 

16 aprel

Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev vəfat edib. O, 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

 

26 aprel

Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov da COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl”, "Anam mənim”, "Günayım”, "Tanrıdan diləyim ol” və s. diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

 

30 aprel

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsini daşıyıb. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.

 

4 may

Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan "Reyhan”, "İgidlər”, "Bulaq suyu, dağ havası” və "Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

 

5 may

Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib ("Anacan dostum evlənir”, "Könlüm”, "Günay”, "Gəl ey səhər”, "Çiçək tapa bilmədim”, "Gecə yaman uzundur”, "Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.

 

7 may

Xalq şairi Musa Yaqub mayın 7-də  84 yaşında dünyasını dəyişib. Musa Yaqub parkinson xəstəliyindən əziyyət çəkirdi. O, 1937-ci ilin 10 mayında İsmayıllının Buynuz kəndində dünyaya göz açıb. Lirik və vətəndaş şeirləri ilə minlərlə oxucunun qəlbinə yol tapıb.

 

7 may

Xalq artisti Arif Quliyev koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması”, "Yaramaz”, "Bəxt üzüyü”, "Qəm pəncərəsi”, "Alma almaya bənzər”, "Ağ gəmi” bədii filmlərdəki obrazları yaddaşlarda qalıb. Xalq artisti Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

20 may

Sovet Azərbaycanının dünyaşöhrətli rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa” və "Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

25 may

Filologiya elmləri doktoru, professor, AzTV-nin sabiq sədri Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də, 72 yaşında vəfat edib.

 

28 may

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayevanı da bu il itirmişik. O, 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

 

9 iyun

Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə "Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

24 iyul

Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. O, 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. Səməd Səmədov "Toylar Kralı” təxəllüsü ilə məşhur idi. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

 

14 sentyabr

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. “Ayrılıq” mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

 

27 sentyabr

Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 27 sentyabrda vəfat edib. O, 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.

 

30 sentyabr

Məşhur müğənni Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. O, 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr”, "Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb

 

19 oktyabr

Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olub. 2007-ci ildə Az.TV-nin, 2011-ci ildə "Space” TV-nin idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.

 

22 oktyabr

Xalq artisti Canəli Əkbərov bu ilin 22  oktyabrında 81 yaşında dünyasını dəyişib. 1940-cı ildə Lənkəranda doğulan xanəndə Azərbaycan muğam sənətində silinməz iz qoyub. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.