“Mədəniyyət Nazirliyinin bu addımı böyük stimuldur.”

Azərbaycan tarixində ilk dəfə qurulan Naşirlərin birliyi - Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) bir illiyini təltiflə qarşılayıb.  Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bir sıra naşir və mədəniyyət xadimini “Nizami Gəncəvinin 880 illiyi” Xatirə nişanı ilə mükafatlandırıb. Mükafata layiq görülən ANAİB üzvləri aşağıdakılardır:

1. Şəmil Sadiq (“Hədəf Group”un baş direktoru);

2. Rafiq İsmayılov (“Altun Kitab” nəşriyyatının direktoru);

3. Rasim Qaraca (“Alatoran Yayınları”nın direktoru);

4. Nurman Tariq (“Parlaq İmzalar” nəşriyyatının direktoru);

5. Fatimə Alxaz (“Ağıllı Bala” nəşriyyatının direktoru);

6. Şöhlət İxtiyaroğlu (“Qədim Qala” nəşriyyatının direktoru);

7. Tural Axundov (“Təhsil” nəşriyyatının direktoru);

8. Veysəl Məmmədov (“Libra Kitab” nəşriyyatının direktoru);

9. Bəhram Oruclu (Çinar nəşriyyatının direktoru).

Azərbaycan Nəşriyyatları Assosiasiyasının qurucusu

Şəmil Sadiq təltiflə bağlı “Ədəbiyyat və incəsənət” portalına aşağıdakıları bildirib:

“Naşirlər məhz naşirlik fəaliyyətinə görə təltif edildi, bu ilk idi və möhtəşəm idi. Mən medal həvəskarı deyiləm, amma görülən işə və zəhmətə görə verilən dəyərə sayğı göstərmək və təşəkkür etmək sayğımız da olmalıdır! 

Bu və bu kimi addımların Azərbaycan kitabçılığının inkişafına ciddi təsir edəcəyini düşünürəm. Nəşriyyatlar da biznes sektoru kimi qəbul edildikcə, inkişafa məcbur olacaq. Mədəniyyət Nazirliyinin bu addımı böyük stimuldur. Ümud edirəm ki, ANAİB olaraq verdiyimiz digər təkliflər də zaman-zaman öz həllini tapacaq. Çünki həllini tapmayan hələ də çox iş var qarşıda, həm də lap çox iş. Azərbaycan Nəşriyyatları Assosiasiyası bütün əməkdaşlıqlara hazırdır və lazımı gücdədir. Yetər ki, bu əməkdaşlıq Azərbaycan mədəniyyətinə və kitabçılığına xidmət etsin!”