Yubileylər günü

Bu günkü bayramlar günü dörd tanınmış azərbaycanlı alimin yubileyinə təsadüf edir. Qısaca yubilyarlar barədə söz açmaq istəyirik.

Niyazi Səmədov 105.

1971-ci ildə professor elmi rütbəsini alan Niyazı Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Niyazi Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilib, o, bunların da 30-unu zərərverici kimi ilk dəfə təsdiq edib. O, Azərbaycan Ensiklopedyası və Qırmızı Kitablarının müəlliflərindən biridir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunub, rəhbərliyi altında yeddi elmlər doktoru, 40 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1982- ci ildə “Şərəf nişanı” ordeni və səkkiz medalla təltif edilən Niyazi Səmədov 1989-cu il may ayının 23-də Bakıda vəfat edib, ruhu şad olsun.

Ələkbər  Süleymanov – 105.

1962-ci ildə “Azərneft” Birliyinin rəisi, 1965-ci ildə Azərbaycan neft və qazçıxarma nazirinin birinci müavini, 1972-ci ildən “Xəzərdənizneft” Birliyinin, 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdəniz neftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin baş direktoru, 1980-ci ildən ömrünün sonu­nadək “Dənizneftqazlayihə” İnstitutunun direktor müavini işləmiş Ələkbər Süleymanov “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə professor elmi rütbəsini daşıyıb. O, Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsinə böyük töhfələr verib, onun sayəsində çoxlaylı dəniz yataqlarının çoxlu məhsuldar horizontları, ayrı-ayrı tektonik sahə və blokları aşkar edilib. Onun iştirakı ilə həm quruda, həm də dənizdə bir çox böyük neftqaz yataqları – Günəşli, QumDəniz, Bahar, Sanqaçal-dəniz-Xara-Zirə, BullaDəniz, Qarabağlı, Kürsəngə, Muradxanlı, Cənub-1, Cənub-2 və s. açılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində əməyi olub. 

Görkəmli neftçi və alim “Şərəf nişanı” ordeninə, “Azərbaycan Respublikası Dövlət Mükafatı”na layiq görülüb, bir sıra medallarla təltif olunub. Ələkbər Süleymanov 2000-ci il iyulun 27-də vəfat edib, ruhu şad olsun.

Tamilla Musayeva – 90. 

Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırıl­mış dövrləşdirilməsi, onun əsas mər­hələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsu­siyyətlərinin təhlili, xalqımızın keç­diyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi ilə Tamilla Musayeva Azərbay­can tarixşünaslığına dəyərli töhfə verib. O, həm də Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir, üçcildlik “Azərbaycan tarixi” kitabının müəllif­lərindən biridir, 2003- cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir. 

Professor Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adını alıb. O, 2019-cu il yanvar ayının 24-də vəfat edib, ruhu şad olsun.

Ağalar Abbasbəyli – 80.

M.V.Lomonosov adına Moskva Dövlət Univer- sitetinin tələbəsi və aspirantı olmuş, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor elmi rütbəsini almış alimimiz 1974-1976-cı illərdə xarici ölkələrdə Sovet səfirliyində müşavir, 1981-1988- ci illərdə Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan KP Təşviqat Komissiyasının sədr əvəzi vəzifələrində çalışıb, 1987-1988-ci illərdə Azərbaycan Respublikası Təhsil naziri olub, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan Respublikası Sülh Fondunun sədri olub, 550 məqalənin, 42 monoqrafiyanın, 55 dərslik və dərs vəsaitinin müəllifidir. 32 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, Beynəlxalq müna­sibətlər ixtisası üzrə 50 nəfər magistrin ərsəyə gəlməsində mühüm rol oynayıb. 1991-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir.