“Azərbaycan Naşirlərinin I Forumu uğurla baş tutdu!” - SƏBUHİ ŞAHMURSOY Featured

Rate this item
(0 votes)

Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə naşirlər forumu keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkikatçılığı ilə baş tutan Azərbaycan Naşirlərinin I Forumu artıq tarixə qovuşdu. 

 

Ölkədə nəhəng kitab festivalları keçirən ANAİB hər tədbirində bir təşkilat üzvünü məsul edir və bu forumun da məsulu XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy idi. 

“Ədəbiyyat və incəsənət” portalı Səbuhi Şahmursoydan forumun gətirəcəyi faydalarla bağlı gözləntilərini öyrənib. Müsahibimiz söyləyib: 

 

-Nəhayət ki, nəşriyyat işinin problemləri akademik tribunadan səslənməyə başladı. AMAİB sədri Şəmil Sadiqin ideyası və şəxsi təşəbbüsü, ANAİB-in əsas təşkilatçılığı ilə keçirilən Azərbaycan Naşirlərinin I Forumu bu mövzuda sistemləşmiş ilk tədbir idi. Forum giriş hissədən və nəşriyyat sahəsi üçün müzakirəsi vacib olan 5 paneldən ibarət idi:

1. Nəşriyyat menecmentliyi və kitab marketinqi;

2. Redaktə və tərcümə problemləri;

3. Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar;

4. Tərtibat, dizayn və qrafika;

5. Uşaq nəşrləri və yeni yanaşmalar.

Türkiyədən dəvət etdiyimiz mütəxəssislərin iştirakı forumu daha da yaddaqalan etdi. Təsəvvür edin, həmin gün, demək olar, yalnız problemlər sadalandı. Bəlkə, bu siyahının da sonuna çıxa bilmədik. Həll yollarını müzakirə etmək üçün bir gün çox qısa olsa da, bir sıra mövzuda bəzi təkliflər səsləndi. Məncə, əl-ələ verib qarşıdakı illərdə bütün sadalanan problemlərin öhdəsindən gələcəyik. İndi ANAİB-in işlərini alçaltmağa çalışan qüvvələr də iyrənc söhbətlərini bir yana atıb işin bir qulpundan yapışsa, bu həll yolları daha da qısalar. 

Azərbaycan Naşirlərinin I Forumuna təşrif buyuran, fəal iştirak edən həm moderator və spikerlərə, həm də dinləyici qismində iştirak edən insanlara təşəkkürümü bildirirəm. Bütün təşkilatçı və sponsorlara bolluca minnətdarlığım var.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)