RƏSMLƏR, ZİNYƏT ƏŞYALARI, GEYİMLƏR… - Heydər Əliyev Mərkəzində qırğızların “şah əsərlər”inin nümayişi Featured

Rate this item
(0 votes)

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Dünən axşam saatlarında Heydər Əliyev Mərkəzində Qırğız Respublikasının Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi təşkil edilmişdi. Sərginin açılış mərasimimdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də biz - media mənsubları iştirak edirdi. 

 

Başlanğıcda öncə sərgi haqqında məlumat verildi. Qeyd edildi ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir. Burda rəsm əsərləri, geyimlər, qədim məişət və bəzək əşyaları - bir sözlə muzey anlayışı ilə uzlaşan hər şey var idi. 

Rəsm əsərləri özlüyündə məhz milli köklərə söykənmiş əsərlər idi. Qədim yurta - qırğızların məişəti; ocaq başında milli geyimdə qırğız qadın; üç gənc qırğız qızı…

Xüsusən diqqətimi bu rəsm əsərləri çəkdi. 

 

 

 

Sak - erkən köçəri mədəniyyəti sak (eramızdan əvvəl VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri xüsusi maraq doğururdu. Burada qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilirdi. Üzərində qədimi heroqliflər, mixi yazılar olan minlərlə yaşı olan daş da olduqca maraqlı idi. 

 

 

Məlumat verildi ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Əlbəttə ki, qədim zinyət əşyaları daha çox diqqət çəkirdi. 

 

 

 

Təbii ki, köçəri həyat keçirən, heyvandarlıqla məşğul olan qədim qırğız kişisinin, eləcə də ona yoldaşlıq edən qadının geyim-kecimi də xüsusi maraq doğururdu. 

 

O da qeyd edildi ki, bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri şair-filosof Yusif Balasaqunlu və ensiklopedist alim Mahmud Kaşğarinin, həmçinin dünya ədəbiyyatının görkəmli klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.

Sonda isə Qırğızıstandan olan istedadlı rəssam, modelyer-dizayner Dilbər Aşımbayevanın etnomodel kolleksiyası təqdim edildi.

 

 

Düzü, sərgidəki rəng müxtəlifliyi, dekor zənginliyi, çoxçeşidlilik məni valeh etdi. Həqiqəyən də bir xalqı tanımaq üçün onun mədəniyyətini tanımaq kifayət edir.

 

Fotolar müəllifindir. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)