Milli Məclisin deputatı Qənirə Paşayeva incəsənət nümayəndələri ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva incəsənət nümayəndələri ilə görüşüb.
AzərTAC xəbər verir ki, görüşdə Milli Qəhrəman Salatın Əsəgərovanın oğlu Ceyhun Əsgərov, Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, İspaniyanın Marbella şəhərindəki “Les Roches Global Hospitality Education” Universitetini fəqlənmə diplomu ilə bitirmiş Nigar Şirinli və onun anası Ramilə Şirinova, rəssamlar – Samirə Allahverdiyeva, Hüseyn Osmanlı, Qax Dövlət Kukla Teatrının baş rəssamı Mayis Abdullayev, gənc estrada müğənnisi Şıxəli Bağırzadə, “Zadəgan” milli tekstil brendinin yaradıcısı Aygün Əliyeva və ADMİU-nun qazi tələbəsi Elvin Abbasov iştirak edib.
Komitə sədri görüş iştirakçılarına öz sənət, peşə və araşdırma sahələri üzrə fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına şəxsi nümunələrlə töhfə verdiklərini, məsuliyyətli yanaşdıqlarını vurğulayıb, onlara təşəkkür edib.
Görüşdə cari ilin yekunları, yeni illə bağlı təşəbbüs və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.